Neftçala sakininin həyətində 540 xaşxaş kolu aşkarlanıb
17:05 – 15 May, 2018

Neftçala sakininin həyətindən  540 ədəd xaşxaş kolu aşkar edilərək götürülüb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, daxil olmuş məlumat əsasında Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Həsənabad qəsəbə sakini Tərlan Həsənov saxlanılıb.

 

Rayon Mühafizə Bölməsinin əməkdaşları ilə birgə ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 540 ədəd xaşxaş kolu aşkar edilib. Əməliyyatın davamı olaraq Tərlan Həsənovun yaşadığı evdən çəkisi 51 qram olan narkotik tərkibli bitki toxumları və 27 ədəd qurudulmuş xaşxaş qozası aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya  təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT