Olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul edilə bilər
19:15 – 15 May, 2018

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Olimpiada qaliblərini təbrik edən təhsil naziri Ceyhun Bayramov 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb. O bildirib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericiliyə müvafiq dəyişiklik təklif olunur. Dəyişiklik Təhsil Nazirliyi tərəfindən hökumətlə razılaşdırılıb, təkliflər paketi Milli Məclisə təqdim olunacaq. Nazir qeyd edib ki, beynəlxalq olimpiadalarda Azərbaycanın nəticələri ilbəil yaxşılaşır.

 

Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev Respublika fənn olimpiadalarının nəticələrinin analitik təhlili ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla, ümumilikdə 276 nəfər qalib elan olunub.

 

Bu il Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb.

 

Tədbirin sonunda olimpiada qaliblərinə mükafatlar təqdim edilib.

 

Qeyd edək ki, Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

X

XƏBƏRLƏR
BÖYÜT