Nənə və babaya 65 ildən sonra "Vağzalı" çalındı - GÖYÇAYDA
07:04 – 16 May, 2018

15 may - Beynəlxalq Ailə Günü münasibətilə Göyçay rayonunda 65 il əvvəl evlənən nənə və baba üçün toy mərasimi təşkil olunub. Yenikənd kəndində yaşayan Vəli Məmmədovla Tovuz Məmmədova 1953-cü ildə ailə qursa da, onlar üçün "Vağzalı" havası Beynəlxalq Ailə Günündə çalınıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, toy mərasimində onların ailə üzvləri, qohumları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər Vəli baba və Tovuz nənəni ailənin uzunömürli olması münasibətilə təbrik edib, onlara can sağlığı arzu edib. Çıxışlarda qeyd olunub ki, BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq ölkəmizdə hər il Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Artıq 65 ildir ki, bir yerdə xoşbəxt ömür sürən Vəli baba və Tovuz nənə rayonda bir çox ailələrə örnək və nümunə kimi göstərilir. İxtisasca müəllim olan Vəli baba deyib ki, ailəni uzunömürlü etmək üçün ilk olaraq tərəflər bir-birini anlamalı və başa düşməlidir. Əgər bu iki amil olarsa, o zaman heç bir ailə dağılmaz. Tovuz nənə isə ailələrdə uşaqların say məsələsinə toxunub və hazırda gənc ailələrdə uşaqların sayının az olduğunu deyib. Onun sözlərinə görə, 50 il əvvəl hər ailədə ən azı 4-5 övlad olurdu. O da gənc ailələrin uzunömürlü olmasını arzu edib.

Qeyd edək ki, Məmmədovlar ailəsinin 8 övladı, 20 nəvəsi, 10 nəticəsi var. Onlar həyatın enişli-yoxuşlu yollarında birgə addımlayaraq bugünkü toy mərasimində sevinclə iştirak edib. Mərasim iştirakçıları nənə və babaya xatirə hədiyyələri verib.

X

XƏBƏRLƏR
BÖYÜT