Allahın və "Qaçqınkom"un unutduğu məcburi köçkün yataqxanası - REPORTAJ
11:14 – 16 May, 2018

Bura nə uzaq Liviya sahilləri, nə də yaşıl ada deyil. Gördüyünüz mənzərəni Bakının Suraxanı rayonu Günəşli qəsəbəsinin AB massivində lentə almışıq.

 

80 saylı yarımtikili 24 saylı poliklinikaya demək olar ki, bitişikdir. İki mərtəbəli olan bu yarımtikili düz 22 il əvvəl Füzuli və Qubadlı rayonlarından olan məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeri kimi seçilib.

 

Buranın sakinləri göydə Allahın, yerdə isə əlaqədar təşkilatların yadından çıxmış kimi görünür. Taleyini, həyatını bu cəhənnəm əzabında çürüdənlərdə sanki buradan qurtulu. yolunu aramaq üçün nə hey qalıb, nə həvəs.

 

Bu müvəqqəti yarımtikilidə 22 ildir yaşayan 35 məcburi köçkün ailəsinin yaşayış şəraiti ilə bu günə kimi maraqlanan olmayıb. Sakinlərin isə üz tutmadıqları, dil tökmədikləri rəsmi dövlət qurumu qalmayıb. Baxan və maraqlanan yoxdur ki, yoxdur.

 

Ayaz Cahangirov düz 22-ci ildir yarımtikilidə səkkiz nəfərlik ailə üzvü ilə bir otaqda məskunlaşıb. 80 yaşlı müsahibimiz deyir ki, bu günə kimi onların yaşadıqları əraziyə aidiyyatı qurumların nümayəndələrindən heç kim baş çəkməyib: "Biz bu əraziyə köçürüləndə qızım bura xarabaxana idi. İy, qoxu, zir-zibil. Budur bizim yaşayışımız. Bu azmış kimi, bit-birənin əlindən oturmaq olmur, qızım. Nə gələn var, nə maraqlanan, nə soruşan. Elə bil biz xarici ölkədən gəlmişik".

 

Sakinlər deyir ki, evlərin içərisində nəmişlikdən artıq divarlar kif atıb. Çünki heç bir otağın bayıra pəncərəsi yoxdur. Ərazi, ümumiyyətlə, mavi yanacaqla təmin olunmayıb. Su fasilələrlə verilir, elektrik qızdırıcısı ilə sakinlər həm evləri isidir, həm də biş-düş edirlər: "Üç uşaq böyütmüşəm bu evdə. Hansı şəraitdə yaşayıram, bunu bir Allah bilir. Qonum-qonşu ilə üz-göz olub birtəhər yaşamışıq. İndi övladlarımdan biri əsgərdir, digəri də yataq xəstəsidir. Çox xahiş edirəm Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bizim  yaşayış şəraitimizlə maraqlansınlar".

 

Hər an övladlarının həyatı üçün təhlükə olduğunu dilə gətirən məcburi köçkünlər deyir ki, elektrik xətlərinin üstü açıqdır. Balaca otaqda 7-8 nəfərlik ailələr yaşayır. Rütubətdən uşaqların çoxunun ağır xəstəliklərə düçar olduğu bu məkanda bir neçə dəfə mənzillərdən siçovul, ilan çıxıb.

 

Azad dayı da Qubadlıdan məcburi köçkündür. Digər həmyerliləri kimi, onun da yaşayış şəraiti acınacaqlı vəziyyətdədir: "Qızım siçan-siçovul əlindən evdə oturmaq mümkün deyil. Elə bir ev yoxdur ki, orda bit-birə əleyhinə xüsusi dərmanlardan istifadə olunmasın. İnsanlar yuyub təmizlədiyi yatağında nəmişlikdən yata bilmir. Binanın yarısında su var, digər yarısında  isə su yoxdur. Zirzəmilərə dolan suyun qoxusundan nə evdə, nə bayırda oturmaq mümkün deyil. Qaz demək olar ki, yoxdur. Hər yer üstü açıq tokdur. Külək olanda dam olmadığından, bütün elektrik xətləri bir-birinə dolaşır".

 

Binanın qarşısında nə uşaqların, nə də böyüklərin azacıq nəfəs alması üçün ayaq saxlamağa belə yer yoxdur. Həyətdə 35 ailənin istifadəsində olan bir ayaqyolu, bir də hamam var. Yarımtikilinin  ikinci mərtəbəsinin damı isə müvəqqəti bərkidilib. İllərdir bu problemlərin məngənəsində boğulan ailələrin imdadına çatan, səsinə səs verən yoxdur.

 

Gördüyümüz mənzərəni həm sizə tanıtdıq, həm də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yadına saldıq. "Görünən dağa bələdçi lazım olmaz" desələr də, biz bələdçilik etdik. Gerisi əlaqədar qurumların boynuna...

X

XƏBƏRLƏR
BÖYÜT