Bayıl yamacında sürüşmə: dörd ev uçdu - HADİSƏ YERİNDƏN
15:50 – 16 May, 2018

Ötən gün Bayıl qəsəbəsi ərazisində baş verən sürüşmə nəticəsində bir neçə ev yararsız hala düşüb. Hadisə Buxta küçəsi, 9 ünvanında qeydə alınıb. Nəticədə 4 yaşayış evi uçub.

 

Hadisə şahidlərinin sözlərinə görə, dünən günorta saatlarından axşama doğru ərazidə üç dəfə yüngül təkanlar hiss olunub.  Zərərçəkən Nizami Rəhimov deyir ki, sonuncu təkan 20.00-20.30 arası qeydə alınıb. Nəticədə bir neçə ev yararsız hala düşüb: “Keçən ildən çatlar əmələ gəldi. Bu barədə məlumat vermişdik. Ayın 3-dən başlayaraq evin bir hissəsi çökdü. Dünən də tam yararsız hala düşdü. 3 otaqlı evdə yaşayırıq. Ailəmiz 7 nəfərdən ibarətdir. Əvvəldən məlumat verilmişdi ki, burada yaşamaq mümkünsüzdür. Hal-hazırda bacımgildə məskunlaşmışıq”.

 

Sakinlərdən Hidayət Həsənov bildirib ki, evlərdən ikisi tam, ikisi isə qismən uçub: “Aşağı evlər getdi. 3-4 dənə ev yararsız vəziyyətə düşdü. Mən yuxarı tərəfdə qalıram. Yuxarı tərəfdə çatlar var. Dağılmış evlər var. Onlara deyilən sözü bizə də deyiblər. Hara gedim? Heç kimim yoxdur. Burada qalıram”.

 

Mənzər Nəbiyeva isə evinin uçma ehtimalından narahatdır: “Bu bina uçsa, bizim evlərə ziyan dəyəcək. Dünən Fövqəladə Hallar Nazirliyindən, icra hakimiyyətindən gəlib baxıblar. Nə rəy verəcəklərini bilmirik. Keçən ilin mart-aprel aylarında bu evlərə görə sakinlərə pul ödənildi. Hərə bir tərəfdən ev aldı. O evlər uçandan sonra təhlükə var. Hər an hər şey ola bilər. İki həftədir sürüşmə aktivləşib deyə qorxumuzdan evdə qalmırıq. Hər gecə bir qohum evində qalırıq”.

 

Rəsmi qurumların təmsilçiləri də hadisə yerinə baxış keçiriblər. Səbail RİH-in başçısı Eldar Əzizov deyib ki, sakinlərin köçürülüb-köçürülməcəyi ilə bağlı qərar yekun rəydən sonra veriləcək: “Ərazi daim nəzarətdədir. 22 ailə müvəqqəti olaraq köçürülüb. Bir həftə öncə Nazirlər Kabinetinə müraciət olunub. Burada ekspertlər qrupu işləyir. Rəy hazır olan kimi bizə təqdim olunacaq. Ortaq qərar bundan sonra veriləcək”.

 

Eldar Əzizov bildirib ki, dünən binaların hansı səbəbdən yararsız hala düşməsini dəqiq demək mümkün deyil. Evlərin uçmasına sürüşmə, yaxud binaların istismar müddətinin başa çatması səbəb ola bilər: “Bu, normal haldır. Binalar da insanlar kimidir. Onların ömrünün əvvəli və axırı var. Bu ərazi XX əsrin 70-ci illərində “Şanxay” adlanıb. O vaxt sovet dövründə bu binalar bir-birinin üstündə tikilib. Bunların əksəriyyətinin resursu bitib. Təşvişə düşmək üçün əsas yoxdur”

 

Eldar Əzizov əlavə edib ki, hadisə verən ərazi qəzalı ərazi kimi qiymətləndirilmir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidəki sürüşmənin texnogen amillər nəticəsində baş verdiyini açıqlayıb. Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov bildirib ki, ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meylliliyi 35-40 dərəcədir. Yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib, bu səbəbdən də aşınma və çökmə hadisəsi baş verib.

 

Nazirlik rəsmisi əlavə edib ki, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan sahə hesab olunur.

 

X

XƏBƏRLƏR
BÖYÜT