700 bal toplayan məktəbli: "Üç il əvvəl qardaşım da 700 bal toplamışdı"
17:40 – 16 May, 2018

Leyli Əhməd qızı Əhmədova 214 nömrəli məktəbinin XI sinif şagirdidir. Dövlət İmtahan Mərkəzinin mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında yüksək nəticə göstərib, 700 bal toplayıb.

 

APA TV-nin xəbərinə görə, qəbul imtahanı bitdikdən sonra topladığı balın yüksək olduğunu ilk olaraq valideynlərindən, sonra müəllimlərindən eşidib. Axşam saatlarında ssə imtahanın nəticələrini görəndə gözlərinə inanmayıb: "İmtahandan bir neçə saat sonra evdə hamı bilmişdi, məndən başqa. Axşam saat 10 radələri idi, artıq müəllimlərim həyəcanla zəng edib məndən nəticəni soruşurdular. Və mən də daha dəqiq nəticəni dedim. Bilirsinizmi, "ən son həmişə ən mükəmməl olandır" deyə düşündüm".

 

Həmsöhbətimiz Bakıda doğulub. Hər iki valideyni ali təhsillidir. Anası ixtisasca riyaziyyatçı olsa da, işləmir. Leyli deyir ki, onun da, qardaşının da məktəbi əla qiymətlərlə oxumasında hər iki valideynin və təhsil aldığı orta məktəbin çox böyük rolu var. Elə buna görə o, ilk sevincini məhz valideynləri ilə bölüşüb. Necə bölüşməyinə gəlincə... "İnanın, bir anlıq nitqim dayandı və göz yaşlarım başladı. Əminəm ki, kim mənim yerimdə olsa, belə olardı. "Bitirdim və əla bitirdim" - deyib ilk atama sarıldım".

 

Özündən 3 yaş böyük bir qardaşının olduğunu deyən Leyli İbrahimin də üç il əvvəl 700 bal topladığını, hazırda ADA Universitetinin tələbəsi olduğunu sevinclə deyir. Hələ uşaq yaşlarında humanitar fənlərə böyük marağının olduğunu deyən Leyli tarix dərsini daha çox sevib: "Üçüncü sinifdə anladım ki, mənim humanitar fənlərə marağım keçməyəcək və tarixə marağım böyükdür. Bir də xarici dillərə olan həvəsim məni üçüncü qrupa getməyə vadar elədi. İngilis dilində sərbəst danışıram".

 

Yüksək nəticə üçün bacardığından da artıq çalışan Leyli yalnız XI sinifdə hazırlıqlara gedib. Hüquqşünas olmaq istəyən Leyli gözəl rəsmlər çəkir, pianoda ifa edir, sosial şəbəkə istifadəçisidir: "Mən də gəncəm və sosial şəbəkələrdə varam. Amma limitlə. Fədakarlıq etməliyik ki, çalışdığımızdan da üç qat artıq nəyəsə nail olaq. X-XI siniflərdə mobil telefondan istifadə etmişəm. Gün ərzində 30 dəqiqədən çox internetdə olmamışam. Bu da yalnız cəmiyyətdən geri qalmamaq üçün".

 

45 nömrəli tam orta məktəbin XI sinif şagirdi Elvin Eyvaz Oğlu Kərimli də III ixtisas qrupu üzrə 700 bal toplayan gənclər sırasındadır. Ailənin ikinci övladı olan Elvinin də valideynləri ali təhsillidir. O, təhsil aldığı tam orta məktəbin ilk 700 bal toplayan şagirdidir: "Respublika fənn olimpiadaçılarının mükafatlandırma mərasiminə qatılmışdım. Mərasim bitdi, gördüm telefona SMS gəldi ki, siz 700 bal toplamısınız.  Mərasimə atamla qatılmışdım deyə, elə ilk təbrik edən də atam oldu. Əlbəttə ki, bundan sonra qısa zaman ərzində ailəm, dostlarım və müəllimlərim də təbrik etdi. 700 bal toplayacağımı hiss edirdim, çünki sınaq imtahanında da bu balı toplamışdım. Elə buna görə özümə güvəndim, istədiyim nəticəni əldə etdim".

 

Bütün fənləri IX sinfə qədər əla qiymətlərlə oxuyan Elvin deyir ki, son iki ildə ixtisas seçimi edib: "Gördüm ki, dəqiq fənlərə nisbətən humanitar fənlərə marağım daha çox artır. Ona görə özümə dedim ki, niyə axı sevdiyim ixtisasa yiyələnməyim. Hüquqşünas olmaq istəyirdim və üçüncü ixtisas qrupunu seçdim".

 

Elvin stressdən uzaq olmaq üçün imtahanda həyəcanlanmayacağına dair özünə söz verib: "Bilirsiz, az da olsa, həyəcan olmalıdır. Bu, həm də məsuliyyətdən irəli gəlir. Suallarla tanış olduqca, cavabları bildiyini gördüm və həyəcan məndən uzaqlaşdı. Diqqətimi tam toplayıb 700 balı topladım".

 

11 ildir şagirdi olduğu 45 nömrəli məktəbin müəllimlərinin onun üzərində böyük əməyi olduğunu vurğulayan gənc yalnız sonuncu sinifdə müəllimlərinin onu hazırlaşdırdığını deyir: "Sinif rəhbərim Rəna müəllimə başda olmaqla digər müəllimlərim Ceyhun, Anar, Elnarə və İqbalə müəllimlərə, həmçinin məktəbimizin direktoru Nəcibə Axundovaya sonsuz təşəkkürlərim var. Onların və valideynlərimin dəstəyi ilə mən bunu bacardım".

 

Dərslərdən əlavə futbolu çox sevdiyini deyən Elvin "Barselona" komandasının azarkeşidir.

 

Yeni yolunuz açıq olsun, gənclər!

X

XƏBƏRLƏR
BÖYÜT