700 bal toplayan Jalə: "Son aylar daha çətin keçdi"
17:50 – 16 May, 2018

Dövlət İmtahan Mərkəzinin mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 700 bal toplayanlardan biri də Xaçmaz şəhərindəki akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin 11-ci sinif şagirdi Jalə Rəcəbovadır.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, o, şimal bölgəsində 700 bal toplayan hələ ki, yeganə abituriyentdir.

 

Jalə deyir ki, imtahana hazırlıq prosesində mobil telefon və sosial şəbəkələrdən müəyyən qrafik üzrə istifadə edib: "İmtahana hazırlıq öncəsi çətin deyildi. Son aylar daha çətin keçdi. Bu aylarda qrafik tətbiq edirdim və müəyyən əyləncələrə məhdudiyyət qoymuşdum. Sonda yaxşı nəticə göstərəcəyimə görə müvəqqəti çətinliklərin öhdəsindən gəlməyə çalışırdım. Ailəmin, atamın, anamın, bacılarımın çox sevindiyini görəndə qürur duydum, çox sevindim".

 

Jalə təhsil alacağı universitetlə bağlı hələ ki seçim etmədiyini deyir. Onun sözlərinə görə, bu, yerli və ya təqaüd ala bilsə, xarici universitet də ola bilər. Jalə Rəcəbova dəfələrlə respublika fənn olimpiadalarında və intellektual yarışlarda 1-ci yeri tutub. O, həmçinin ABŞ-da keçirilən Qafqaz Gənc Liderlər proqramının iştirakçısı olub, bir ay müddətində İndiana Universitetində biznes və sahibkarlıq dərsləri alıb.

X

XƏBƏRLƏR
BÖYÜT