O vaxtkı müdafiə naziri dedi ki, Laçın dəhlizini bağlamayın!
14:10 – 17 May, 2018

May ayının 18-i Laçının işğalından 26 il ötür. Nə qədər ki, Laçın da daxil olmaqla digər işğal olunmuş rayonlarımız azad olmayıb, bu acı tarixi xatırlamalıyıq.  Əslində Laçını itirməklə nə itirdik? APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında Laçının işğalı ilə bağlı qaranlıq məqamlara toxunulub.

Laçın döyüşlərində iştirak etmiş polis polkovniki Akif Səlimov hesab edir ki, Laçını itirməklə Azərbaycan itirildi. A.Səlimovun sözlərinə görə Laçının azad edilməsi ilə bağlı əməliyyatın baş tutmaması ordu batalyonlarının gecə vaxtı geri çağrılmaları oldu. “Ştabda sifroqramma var idi. Orada Rəhim Qazıyev yazmışdı ki, dəhlizi götürmək olmaz. Sonradabunu müsahibələrdə izah etdilər ki, dünya bizə vəhşi kimi baxar”.  

Laçın alayının keçmiş qərargah rəisi, mayor Rafiq Nağıyev Laçının işğalına yol açan səbəblərdən danışıb: “92-ci ilin aprel ayında Şuşa və Laçına göndərilən komandirlərdən Şahin Musayev, o vaxt Müdafiə nazilriyinin baş qərargah rəisi  Elbrus Orucovu Laçına, Zaur Rzayevi isə Kəlbəcərə göndərir. O vaxt Zaur Rzayev etiraz edir, deyir ki, mən Şuşanı və Laçını gözəl tanıyıram. Məni ora göndərin. Elbrus Orucovun isə əhəmiyyəti yoxdur o heç birini tanımır”.

Laçın rayonunun ağsaqqalı Qəzənfər Hüseynov deyib ki, Laçının işğalından əvvəl ermənilə Dağlıq Qarabağa tunel açmaq istəyirmişlər: “Televiziya ilə bizə qarşı debatlar gedirdi. Müəllim onları tərcümə edirdi, mən onları ovaxtkı Mərkəzi Komitəyə və Kommunist qəzetinə göndərirdim. Doğrudan da reaksiya verən olmadı”.

Tarixçi Arif Gurşadoğlu deyib ki, 26 il ərzində Laçında doğulanlar artıq laçınlı deyil: “Bizim də doğulan laçınlılar laçınlı deyil, artıq bakılıdır. 26 il az rəqəm deyil. Artıq Laçında doğulanın da övladı doğulub”.

“İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT