Kimlər oruc tutmaya bilər, günah yazılmaz?
12:01 – 18 May, 2018

Dənizdə üzmək, diş fırçalamaq, saçı yumaq və boyamaq orucu pozurmu?

Oruc tutanın yanında yeyib-içmək günah sayılırmı?

Hansı gün oruc tutmaq haramdı?

 

“Oruc islamın vacib buyurduğu ibadətlərdən biridir. Ramazan ayı yetişəndə sağlamlığı imkan verən hər bir müsəlman  oruc tutmalıdır”.

 

APATV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Şahin Həsənli “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, səhhətində problem olan insanlar bu ibadətdən azaddır: “ Lakin bu icazə hər xəstəliyə aid deyil. Belə bir önəmli məsələdə mütləq şəkildə həkimlə məsləhətləşmək lazımdır. Əgər mütəxəssis oruc tutmağın orqanizmə zərər verəcəyini təyin etsə, o zaman oruc tutmamaq olar. Bu şərt hamilə qadınlara da aiddir. Eləcə də əgər südəmər uşağı olan ananın oruc tutarkən südü azalırsa, ibadəti yerinə yetirməyə bilər”.

 

İlahiyyatçının sözlərinə görə, bütün ibadətlər Allah rizası üçün və könüllü olmalıdır: “ Kimsəni, o cümlədən də uşaqları oruc tutmağa məcbur etmək olmaz. Bu dinin prinsiplərinə ziddir. Azyaşlı övladlarınız da oruc tutmaq istəsə, icazə verin tutsunlar. Tam müddət olmasa da bir neçə saat oruc qala bilərlər”.

 

Ş.Həsənli orucun fəzilətləri barədə də ətraflı məlumat verib: “ Oruc tutan adam qəribə bir azadlıq, sevinc hissi keçirir. Əslində bütün ibadətlər insana sevinc bəxş edir. Oruc tutan müsəlman üçün iki sevinc var, bir iftar sevinci, bir də qəbirdən Allahın hüzuruna qalxdığı zamanın sevinci. Bundan başqa Allah yalnız bu ibadət  haqqında buyurur ki,  oruc mənim üçündür, mükafatını mən verəcəyəm. Oruc tutan Yaradanla görüş şərəfinə nail olur. Oruc bizi Allaha o qədər yaxınlaşdırır ki, qəlb gözümüzlə onu müşahidə etmək imkanımız yaranır. Hədislərdə bildirilir ki, oruc həm də Cəhənnəm odu qarşısında bir sipərdir. Cəhənnəm odu deyildikdə günah odu nəzərdə tutulur. Ramazan ayı insanı istər-istəməz günah əməllərdən çəkindirir”.

X

XƏBƏRLƏR
BÖYÜT