Ədalət Tahirzadə: "Deyirlər XI Ordu ilə vuruşmadınız, bizimkilər Xəlil Paşaya güllə atacaqdılar?"
13:49 – 26 May, 2018

Tədqiqatçı, Cümhuriyyət dövrünün aşardırmaçısı, professor Ədalət Tahirzadənin APA TV-nin “Sözün kodu” verilişinə müsahibəsi

 

- Ədalət müəllim, “Cümhuriyyət ili” ərzində görülən işləri necə qiymətləndirirsiniz?

 

- Açığı, ciddi mənada görülən iş hiss etmirəm. Bunu deməyə məcburam. Ola bilər, subyektiv fikirlərdir. Çünki mənim cəmiyyətlə əlaqələrim həddindən artıq zəifdir. Ona görə ki, xalq içərisində, küçədə, şəhərdə olmuram. Getdiyim yer universitet, gəldiyim yer ev, oturduğum yer bilgisayar arxasıdır. Televiziyaya nadir hallarda baxıram, mətbuatı da oxumuram. Ona görə də “işlər necə gedir?” sualına cavabım təbii ki, yarımçıq olacaq. Özümün qatqılarım haqqında danışa bilərəm. Professor Misir Mərdanovla bir yerdə 1920-ci ilə qədər ali məktəblərdə oxumuş azərbaycanlılar haqqında kitab hazırlayırıq. Bunu Cümhuriyyətin 100 illiyinə həsr etmişik. İnşallah onun birinci cildi mayın sonunda işıq üzü görəcək. 1920-ci ildə bizim keçmiş Maarif Komissarımız Dadaş Bünyadzadə deyib ki, hesabladıq, Azərbaycanda cəmi 62 nəfər ali təhsilli adam var. Bu, xalqımızın üzərinə atılan iftiradır. Misir müəllimin rəhbərlik etdiyi layihəyə əsasən mən keçmiş SSRİ-nin demək olar, bütün mərkəzi arxivlərində çalışmışam. Moskva, Peterburq, Saratov, Kiyev, Kazan, Xarkov, Odessa, Tiflis... Və Azərbaycanda da elə bir mərkəzi arxiv yoxdur ki, orda çalışmayım. Biz bu gün siyahı tərtib etmişik. Həmin siyahıda 907 nəfərin adı var.

 

- Dadaş Bünyadzadənin səsləndirdiyi rəqəm məlumatsızlıqdan idi, yoxsa qəsdən belə demişdi?

 

- Qəsdən idi. Çünki 1921-ci ildə ali təhsilli insanların çoxunu ya güllələmişdilər, ya da onları mühacirətə qaçmağa məcbur etmişdilər. 907 nəfərin hamısı əlinə diplom almayıblar. Ona görə ki, 1920-21-ci illərdə sağ deyildilər. Amma ümumən götürdük ki, bizim ali məktəbdə oxumağımız 1860-cı illərdən başlayır. Yəni xalqımız oxuyan xalqdır. Bir faktı diqqətinizə məxsusi çatdırıram: Çar hakimiyyəti yəhudi və müsəlmanlara ali məktəblərdə təhsil almağı yasaqlamışdı. Bu gün yazıçı-şairlərimiz bizi gürcü və ermənilərlə müqayisə edir ki, onlar irəli gedir, biz geridə qalırıq. Yəni belə bir bədbin fikrə düşürlər. Amma qardaşım, gəlin, bunun obyektiv əsasını götürək. Hacı Zeynalabdin Tağıyevin övladları ali məktəbə götürülmürdü. Yalnız ana tərəfdən general babasına görə qəbul edilmişdi. Əsəd bəy Rüstəmbəyov yalnız Rusiya maarif nazirinin çara müraciətindən sonra instituta qəbul edilmişdi. Burda millətin nə təqsiri var?

 

- Amma erməni və gürcüyə bu şəxsi icazə lazım deyildi...

 

- Bəli. Onlara heç bir qadağa yox idi. Arxivlərdə 100 erməni haqqında oxuyuramsa, bir müsəlman adı görürəm. Fəxr etməli bir şey var: çar Rusiyasının müsəlmanları içərisində ən çox oxuyan Azərbaycan türkləridir. Əgər müsəlmanlar içində 100 nəfər oxuyubsa, onun 80 nəfəri azərbaycanlıdır. Bunu tam cəsarətlə deyirəm və istənilən sənədlərlə sübut etməyə hazıram. Qardaş, bizim millətdə oxumağa dünən də sevgi olub, bu gün də. Haqqında danışdığım kitabın birinci cildində 77 nəfərin adı var. Hələ ki, adı yalnız “A” hərfi ilə başlayanlardır. Çox zəhmətli, ağır işdir. Cümhuriyyətin bütün ali təhsilli xadimləri bu kitabda əks olunacaq. Biz onların bir çoxlarının adlarını da unutmuşuq. Kitabda onların hətta tərcümeyi-halları və şəkilləri də olacaq.

 

- Tərcümeyi-hallarını tapmadığınız tələbələr çoxdur?

 

- Bizim tələbələr ən çox Xarkov Universitetində oxuyublar. Amma məlum oldu ki, universitetin sənədləri II Dünya müharibəsində yanıb. Bu mənə çox pis təsir etdi. Xarkov Texnologiya İnstitutunun sənədləri isə arxivdə var idi. 20 nəfərə yaxın azərbaycanlının işini oradan tapdıq. Xarkov Universitetinin yanan sənədlərinin içində ən azı 50 azərbaycanlının tərcümeyi-halı olub. Kiyevdə də bir çox arxivlər yanıb. Bundan başqa İsveçdəki Azərbaycan Federasiyasından müraciət etdilər ki, bizə kömək edin, Cümhuriyyətlə bağlı iş görək. Biz həmin dediyim kitabı İsveç və Danimarka dilinə də tərcümə edirik. İndi bizim qarşımızda Dilqəm Əhmədin iki kitabı durur. Dilqəm Əhməd Mərmərə Universitetinin magistridir. Həddindən artıq qeyrətli gənclərimizdən biridir. İstanbulun məzarlıqlarından bizim siyasi xadimlərimizin məzarlarını tapıb üzə çıxarıb, oradakı konsulluqla sıx işləyir. Yəni çox faydalı işlər görür. Dilqəmlə bir yerdə “Azərbaycan Cümhuriyyəti” kitabını öz dilimizdə hazırladıq və İsveçə göndərdik. Bu kitab İsveç və Danimarka dillərində çap olunub. Çalışırıq ki, kitab “Teas Press”də öz ana dilimizdə çıxsın. Rus dilinə də tərcümə olunur. Bundan başqa Elmlər Akademiyasının “Xəbərlər”ində mənim Cümhuriyyətlə bağlı iki geniş məqaləm çap olunub. Biri Cümhuriyyətin adı ilə bağlıdır, ikincisi isə Rəsulzadənin başçılığı ilə 1918-ci ildə İstanbula göndərilmiş nümayəndə heyəti barədədir. İyul ayında heyətə iki nəfər də qoşulmuşdu – Əsəd bəy Rüstəmbəyov və Səlim bəy Behbudov. Onlar bizim pullarımızın basılması ilə əlaqədar orada idilər. Hər ikisi nəhəng ziyalıdır. Mən onların həyatını ilk dəfə olaraq Peterburq və başqa arxivlər əsasında işləmişəm. Bundan başqa Ankara Universitetində Cümhuriyyətlə bağlı tədbirlər olacaq, məni də ora dəvət ediblər. Mən orda Cümhuriyyətin təhsil siyasətinin ana xətti ilə bağlı məruzə edəcəyəm.

 

- Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Cümhuriyyəti və Azərbaycan Demokratik Respublikası... Bir dövlətin üç fərqli adı ilə bağlı mübahisələr hələ də davam edir. Siz doğru yazılışın Azərbaycan Cümhuriyyəti olduğunu deyirsiniz. Arqumentiniz nədir?

 

- Dövlətin adı möhürlərdə, dövlət blanklarında, pullarda, poçt markalarında, rəsmi sənədlərdə olur. Burada yalan ola bilməz. Cümhuriyyətin bütün möhürlərində yalnız bircə ad var – Azərbaycan Cümhuriyyəti.

 

- Bəs nəyə görə “İstiqlal Bəyannaməsi”ndə Azərbaycan Xalq Cümhuriyyəti ifadəsi olub?

 

- “İstiqlal Bəyannaməsi”nin orijinalını oxumuşam. Çox adam bu bəyannamənin üzünü də görməyib, amma danışır. Orada maddə belədir: “Azərbaycan dövlətinin şəkli-idareyi-siyasiyyəsi Azərbaycan Xalq Cümhuriyyətidir”. Şəkli-idareyi siyasiyyəsi... Yəni siyasi idarə forması. Bunu da rus dilinə Azərbaycan Demokratik Respublikası kimi tərcümə ediblər. Deməli, burda demokratik sözü xalq sözünün tərcüməsi kimi verilib.

 

- ADR abreviaturası oradan gəlir...

 

- Bəli. 28 mayda Azərbaycan dövləti olmayıb. Nə paytaxtı, nə məmuru, nə pulu, nə xəzinəsi olub. Azərbaycan Xalq Cümhuriyyəti siyasi idarə formasıdır. Yəni demokratik dövlət olacaq. Dövlətin özü yoxdursa, onun adı necə ola bilər? Gəncəyə iyunun 16-da gəliblər. Orada özlərini dövlət kimi hiss etməyə başladılar. İkinci kabinə - Fətəli xan Xoyskinin kabinəsi yarandı. Bundan sonra nazirliklərin adları ortalığa çıxdı. O dönəmdə Azərbaycan Xalq Cümhuriyyəti deyilmirdi, Azərbaycan hökuməti deyirdilər. İlk sənədlərdə Azərbaycan Hökuməti-Cümhuriyyəsi yazılıb. Bir neçə aydan sonra dövlətin möhürləri yaradıldı. Dekabr ayında parlament - Azərbaycan Məclisi-Məbusanı yaradılanda onun möhürü var idi. Burada Azərbaycan Cümhuriyyəti yazılıb. Mən bunu necə inkar edə bilərəm? 1998-ci ildə rəhmətlik prezident Heydər Əliyev Cümhuriyyətlə bağlı qərar verəndə Xalq Cümhuriyyəti kimi qeyd olundu. “İstiqlal Bəyannaməsi”nə istinad olunmuşdu. Bu, o dönəm üçün məqbul hadisə idi. Çünki arxivlər hələ açılmamışdı. Heydər Əliyev 1993-cü ildə gələndə ölkənin başı qarışıq idi, arxivdə çalışmaq heç kimin yadına düşmürdü. Heydər Əliyevin Cümhuriyyətlə bağlı qərarının çox böyük önəmi oldu. Mən bunu məqaləmdə də yazmışam. Həmin qərardan sonra səkkiz kitab nəşr olundu. Parlamentin bütün stenoqramı həm ana dilində, həm də rus dilində nəşr olundu. Bütün bunların çox böyük əhəmiyyəti oldu. Bu gün isə arxiv sənədləri sübut edir ki, dövlətimizin adı Azərbaycan Cümhuriyyəti olmalıdır. Əminəm ki, bu şəkildə də qeyd ediləcək.

 

- Ədalət müəllim, təhlükəsizlik orqanları  dövlətin qorunması üçün əsas sütunlardan biridir. Cümhuriyyətin təhlükəsizlik və kəşfiyyat məsələləri hansı şəkildə təşkil olunmuşdu? Siz demisiniz ki, Beriya və Mircəfər Bağırov Cümhuriyyətin əsas kəşfiyyat orqanlarına cəlb olunmuşdular…


- Cümhuriyyətin ən zəif yerlərindən biri təhlükəsizlik orqanların münasibəti və həmin orqanların fəaliyyətidir. Düzdür, orqanların tarixinə Şeyxzamanov qardaşlarının adı əbədi həkk olunub. O dövrdə Azərbaycana şimaldan Denikin təhlükəsi var idi. Denikin Şimali Qafqazı, Dərbəndi tutmuşdu. Dövlət məcbur olub təhlükəsizlik orqanlarını yaratdı. Mənim əlimdə həmin təhlükəsizlik orqanlarının agentlərinin fotoları var.

 

- Bununla bağlı kitab var?

 

- Əlbəttə. Cəlal Qasımovun “Cümhuriyyətin təhlükəsizlik orqanları” adlı sanballı kitabı var. Kitab iki dəfə nəşr olunub. Cəlal bəy keçmiş MTN əməkdaşıdır. İndi səhv etmirəmsə, DTX Akademiyasının professorudur. İşləri çox gözəl bilən mütəxəssis, yaxşı ədəbiyyatçıdır. Cümhuriyyətin təhlükəsizlik orqanlarında Mircəfər Bağırov Beriya ilə bir yerdə iştirak edib. Onlar səhv etmirəmsə, əməliyyatçılar kimi Cümhuriyyətin düşmənlərinə qarşı mübarizə aparıblar. Amma Beriyanın sonrakı çıxışlarında da var ki, əslində bolşeviklərlə əlaqəli olublar. Çünki təhlükəsizlik orqanlarında birbaşa bolşeviklərə işləyən adamlar çox idi. Təəssüf ki, Denikin təhlükəsi aradan qalxan kimi həmin təşkilatı bağladılar. Bununla da Cümhuriyyət böyük yanlışlığa yol verdi. Çünki bu təşkilatın başlanması ilə bolşevik təbliğatı ordu da daxil olmaqla bütün Azərbaycanı əhatə elədi. Məsələn, Çingiz İldırım kim idi? Cümhuriyyətin donanmasında rəhbər vəzifələrdən birini tuturdu. Azərbaycan Parlamentinə ultimatum verən də Çingiz İldırım idi. Kommunistlər deyirdilər ki, sabaha kimi təhvil verin. Çingiz İldırım isə şərt qoydu ki, iki saata təhvil verməlisiniz, yoxsa Parlament binasını bombalayıram. Təsəvvür edin, Cümhuriyyətin adamı idi. Əksəriyyəti satqın çıxmışdılar. Əliheydər Qarayev də orada çalışırdı.

 

- Tarixi sənədlər nə deyir: Nərimanovun Cümhuriyyətə münasibəti hansı şəkildə olub?

 

- Arxiv sənədlərinə toxunacağam. 1918-ci ilə qədər Azərbaycan ədəbiyyatında milliyyətçi Nəriman Nərimanov adlı yazıçı var. Mən onun bütün yaradıcılığını sevirəm. Başda “Bahadır və Sona” olmaqla. Nərimanovun heykəli qoyulanda mən tələbə idim, “Sovetski”də yaşayırdım. Özülünün qoyulduğu gündən açılışa qədər oranı hər gün ziyarət etmişəm. Nərimanovu mənim qədər ikinci bir adamın sevə biləcəyinə inanmıram. Amma bu gün Nərimanova məndən artıq nifrət edən ikinci bir şəxsin olduğuna da inanmıram.

 

- Çox təzadlı və qəribə münasibətdir...

 

- Mən yazıçı Nərimanovu sevirəm. Siyasətçi Nərimanov yazıçı Nərimanovu qətl elədi. 1918-ci ildə Bakıda mart qırğınları gedirdi. Kim qırırdı? Şaumyan. Şaumyanın yanında kim idi? Nərimanov! Nərimanovun vəzifəsi nə idi?! Komissar. Yəni nazir. Şaumyanın naziri idi. Və gözünün qabağında mənim soydaşlarımı qırırdılar. Sən niyə istefa vermədin? Və xəstə adı ilə çıxıb getdin.

 

- Moskvaya teleqram vurub etirazlarını bildirmişdi...

 

- Etiraz başqa şeydir. Sən istefa verməyibsənsə, o cinayətə ortaqsan. Ondan sonra Həştərxana, ordan da Stalinin yanına getdi. Rusiya Xarici İşlər Nazirliyi Şərq şöbəsinin müdiri idi. Bu bilirsiniz nə deməkdir? Onun içində Azərbaycan da, İran da, Əfqanıstan da, Türkiyə də gedirdi. Bu ölkələrdə kommunizmi yaymaq və Rusiyanın siyasətini həyata keçirmək işi Nərimanova tapşırılmışdı. Həmin Nərimanov 1919-cu ildə Azərbaycanın baş naziri Nəsib bəy Yusifbəyliyə məktub yazmışdı. Ki, siz xəyanət edirsiniz. Bu məktub hədədir. Yəni Rusiyanın Azərbaycanı işğal etməsinə maneçilik edirsiniz. Nərimanov mayın 5-də gəldi. Ruslar bütün hakimiyyəti ələ almışdılar. Gələndə səni “Çeka” "İslam" gəmisində tutdu. Nazirlərinlə bir yerdə həbs elədi. Sən nə dövlət qurmuşdun? Sənəd var. Onu arxivdən tapıb çap etdirmişəm. Sən necə müstəqil dövlətin başçısısan ki, səni həbs edirlər. Rəsulzadəni həbs etmək olardı? Cümhuriyyət dövründə Xoyskini həbs etmək olardı? Nəsib bəyi kim həbs edə bilərdi? “Çeka” Nərimanovu həbs elədi və göstərdi ki, sən heç kimsən. Stalin açıq yazıb ki, Nərimanov bizə gözdən pərdə asmaq üçün lazımdır. Azərbaycan Cümhuriyyətinin yıxılmasında Nəriman Nərimanovun çox böyük rolu oldu. O rol nədən ibarət idi? Bütün bolşevikləri öz ətrafına yığdı və cümhuriyyətini yıxmaq üçün nə lazımdır, elədi. Rəsulzadə parlamenti təhvil verdiyi gündə nə deyirdi? “Əfəndilər, aldanmayın, gələn rus ordusudur. Onun başında Nicati adlı bir türk dursa da, bu yenə rus ordusudur. Bizim sərhədlərimizdən keçən icazə alıb keçməlidir. Əgər icazə istəmirsə, bizim düşmənimizdir”. Üç gün Bakıda rus olmayıb, türklər olub. Bizə deyirlər ki, siz XI Ordu ilə vuruşmadınız. Xəlil Paşaya güllə atacaqdılar?

 

- General Şıxlinski də sadəlövhlük edib aldanmışdı ki, ordu doğrudan da Anadoluya gedir...

 

- Sadəlövhlük məsələsində bir az şübhəliyəm. 

 

- Dəmir yolunun dağıdılması faktı və onun yenidən bərpası məsələsini deyirəm...

 

- Bilirsiniz, ictimai əhval-ruhiyyə, rəy artıq elə formalaşmışdı ki, guya "ingilislərə satılan satqın Müsavat hökuməti Anadoluya yardıma gedən qardaşlarımıza maneçilik edir". Burada çoxlu müəllimlər işləyirdi. Cümhuriyyət onları Türkiyədən gətirmişdi. Həmin müəllimlərin hamısı Cümhuriyyətə qarşı çevrildilər. Zabitlər var idi, onlar Cümhuriyyətə qarşı çevrildilər. Təəssüf ki, Ənvər və Nuru paşaların da burada rolu var. Mən bu məsələnin içinə girmək istəmirəm və bitirirəm. Çünki istəmirəm Azərbaycanı və Türkiyəni sevməyən insanlar bundan sui-istifadə eləsinlər. Bu gün sizinlə Bakıda oturmuşuqsa, ana dilimizdə bu televiziya verilişini aparırıqsa, Ənvər Paşa və Nuru Paşaya minnətdarıq. Türkiyə dövlətinə və xalqına minnətdarıq. Azərbaycanda qanını tökən minlərlə mehmetciyə minnətdarıq. Bizi dövlət edən, Bakını alıb bizə verən Ənvər Paşa, Nuru Paşa və Türkiyə hakimiyyəti oldu. Biz bir millət, iki dövlət olduğumuzu 1918-ci ildə sübut etdik.

 

- 1923-cü ildə Rəsulzadə Stalinə məktub ünvanlayır: “Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda sizin də dostunuz olaraq qalır, şəxsinizə qarşı ehtiram hissi bəsləyirəm. Nəticədə mənə qarşı göstərdiyiniz diqqəti heç bir zaman unutmayacağıma inanmanızı xahiş ilə sizə yaxşı bir xidmət göstərmək fürsətini cani-dildən təmənni etdiyimi ərz edirəm. Ehtiramla Rəsulzadə Məhəmmədəmin”. Rəsulzadənin Stalinə xidmət göstərmək fürsətini cani-dildən arzulamağa və bu məktubu yazmağa nə məcbur edirdi?

 

- Sizin bu sualı mənə verməyə məcbur edən 40-50-ci illərdəki Stalin obrazıdır. Tam dövlətin hakimi olan Stalini gözünüzün qabağına gətirir və deyirsiniz ki, Rəsulzadə bu Stalinə nə xidmət göstərmək istəyirdi? İndi gəlin 1925-ci ilə dönək. Stalin kim idi? Heç kim! 1924-cü ildə Lenin öldü. Sovet dövlətinin başçısı Lenin idi, dövlətin hərbi gücü Trotskidə idi. Stalin milli məsələlərə baxırdı və partiyanın baş katibi idi. Partiya heç nə idi. Stalinin nüfuzu yox idi. Rəsulzadə də bunu hakimiyyətdə o qədər də böyük rolu olmayan adama yazmışdı.

 

- Onda nədən Rəsulzadə yazırdı ki, Rusiyanı tərk edəndə sizə məlumat vermədim ki, icazə verməzsiniz...

 

- Bilirsiniz... Bunların arasında kişi söhbətləri var idi. Stalin kişilik elədi. Stalini quyuya atıb öldürürdülər, Rəsulzadə onu xilas elədi. Stalin də ona borclu idi. Borcunu qaytardı. Stalin Rəsulzadəyə deyirdi ki, səni Moskvaya aparmaq lazımdır, yoxsa burdakı kommunistlər öldürəcəklər. Rafael Hüseynov Əliheydər Qarayevin tərifini verib: “Qırmızıların mavi nökəri”. Həqiqətən də nökər idi. Onlar Rəsulzadənin qanına susamışdılar. Stalin xilas elədi. Yenə təkrar edirəm, Rəsulzadə Peterburqdan Finlandiyaya keçəndə ola bilər ki, Stalin sadəcə, göz yummuşdu.

 

- Güman etmirəm ki, onun keçməyindən Stalinin xəbəri olmayıb...

 

- Amma gəlin başqa gözlə baxaq... Rəsulzadənin oğlunu kim güllələtdirdi? Stalinin dövründə güllələdilər. Rəsulzadənin ailəsini kim Sibirə sürgün elədi? Onun ailəsinin başına gəlməyən müsibət qalmadı. 23-cü ildə müsavatçılar burda əməlli-başlı fəaliyyət göstərirdilər. Dövlət orqanlarında çalışırdılar. Hətta 1925-ci ilə qədər belə olub. 1927-ci ildə milli mərkəz yaradıldı və müsavatçıları kütləvi şəkildə həbs etdilər. Repressiya illərində Stalin və Rəsulzadənin münasibətləri çox pis idi. Niyə? Rəsulzadə “Yeni Kafkasya” mühacirət mətbuatı buraxırdı. “Yeni Kafkasya”nı “Teas Press” nəşriyyatı dörd cilddə çap etdi. Bu nəşr mühacirətin bombası idi. Və Sovet hökumətinə qarşı idi. Artıq dostluq pozulmuşdu. Amma belə sual ortalığa qoyula bilər? Stalin Rəsulzadəni niyə öldürmədi? Stalin Düdənginskini öldürdü. Çünki o, silahı və ordunu təmsil edirdi. Rəsulzadə ilə də toqquşurlar. O, deyirdi ki, Hitler SSRİ-ni tutarsa, Azərbaycana kim girsə, hakimiyyət də onda olacaq. Yəni mən girəcəyəm, ordu girəcək. Belə siyasi iddiası var idi. Stalin əldə silahla ona qarşı çıxanların hamısını öldürdü. Rəsulzadənin silahı isə qələmi idi. Bu da o qədər təhlükə törətmirdi.

 

- 20-ci ildə parlamentin son iclasında müstəqilliyin lehinə və əleyhinə səs vermək məsələsi necə olub? Kimlər lehinə, kimlər əleyhinə səs veriblər?

 

- Onu demək mümkün deyil. Ona görə ki, adbaad səsvermə keçirilməyib. Parlamentin son iclasının protokolunu rəhmətlik Ziya Bünyadov o vaxtkı MTN-nin arxivindən tapdı və nəşr etdirdi. Mən də həmin protokoldan istifadə etmişəm. Protokolda rusların əleyhinə səs verənin adı yoxdur. Amma bir nəfər olub, o da Ağa Aşurovdur. Bir çox şifahi mənbələr bunu sübut edir. Rəsulzadə deyib ki, bizim fraksiyamız təslim olmağın əleyhinədir. Yəni Müsavat Partiyası hakimiyyəti vermək istəmir. Ancaq ölkədə sabitliyi bərpa etməkdən ötrü, əgər kommunistlər öhdələrinə düşən işi yerinə yetirirsə, terrora əl atmazsa, müstəqilliyi saxlayarsa, buna etiraz etmir. Yalnız xalqın bütün istəyini nəzərə alaraq o da səs verib. Yenə deyirəm, gələn ordunun qabağında hamı türkləri görürdü. Evlərin qabağında hamı türk bayrağı, Osmanlı bayrağı asmışdı. Xalq ki, 1918-ci ilin sentyabrında erməni zülmündən qurtardı, ona görə mehmetçiyə müqəddəs insan kimi baxırdı. Ona görə də o haradan gəlir gəlsin, o qüvvəyə qarşı silah çevirməzdi. Parlamentin təhvil verilməsində də dedilər ki, bolşeviklərə təhvil verilir.

 

- Sonda nə sözünüz varsa, deyin, sağollaşaq.

 

- Millətin şərəfi, heysiyyəti onun dövlət qurmaq bacarığı ilə ölçülür. Biz 100 il əvvəl dövlətimizi qurmuşuq. Tarixdə də sübut etmişik ki, öz gücümüz, öz yerimiz var. Bununla fəxr etməliyik. Bu tarixi də şərəflə qeyd etməliyik. Çəkməçidən tutmuş, ən yüksək dövlət məqamında oturan adama qədər hamımız öz töhfəmizi verməyə çalışmalıyıq. Çünki bu hamımızın bayramı, fəxri, iftixarıdır. Mən də çalışacağam ki, bundan sonra da Cümhuriyyətimizə, dövlətimizə xidmət edəm. Allahdan bir arzum var ki, cümhuriyyət tələbələri haqqında kitabım çıxsın, onu görüm. “Teas Press”ə, onun rəhbərliyinə o qədər minnətdaram ki, mənim kitabını çap etdi. Bir də mən Azərbaycan Cümhuriyyəti Parlamentini işləmişəm. On beş ildən artıqdır zəhmət çəkirəm. Bunu nəşr etmək üçün mənə kömək lazımdır. Bunu ayrı-ayrı şəxslərin edə biləcəyinə ümidvar deyiləm. Arzu edərdim, dövlət bu işdə mənə yardım etsin.

X

XƏBƏRLƏR
BÖYÜT