10 qızı olan ata: "Hər dəfə qurban kəsirdim"
12:42 – 30 May, 2018

Deyirlər ki, 3 qız övladı böyüdüb tərbiyə etmiş valideynin yeri cənnətdir. İsmayıllı rayonunun Xəlilli kənd sakini Əlimövsüm kişi və həyat yoldaşı Kimya xanım isə 10 qız övladı böyüdüb, hamısını ev-eşik və ailə sahibi edib.

 

Xəlilli İsmayıllı rayonunun 105 kəndindən biridir, o biri kəndlərdən elə bir fərqi, elə bir özəlliyi olmayan, sadə, mehriban və zəhmətkeş insanların yaşadığı adi bir kənddir. Bu kəndi qeyri-adi edən səbəb odur ki, təkcə İsmayıllıda yox, bəlkə də Azərbaycanın heç bir yerində 10 qız övladı böyüdən belə bir ailə yoxdur. Bu ailənin əsas üstünlüyü ondadır ki, övladların 10-u da qızdır.

 

Əlimövsüm kişinin bu il 80, Kimya xanımın isə 70 yaşı olacaq. Ailə qurarkən öz seçimlərinə üstünlük veriblər və 50 ildir ki, bu sevginin işığında birgə addımlayırlar. Bu zəhmətkeş insanların hər ikisi uzun illər kolxozda işləyib, övladlarına da gözəl tərbiyə veriblər. Elə bir tərbiyə ki, gəlin getdikləri evin qızı olmağı bacarıblar və əvəzində 10 qız atası olan valideynlərinə 10 kürəkən yox, 10 oğul qazandırıblar.

 

 Əlimövsüm kişinin dediyinə görə, qızı olduğu üçün bircə dəfə də olsa, həyat yoldaşına nəinki tənə, eyham belə vurmayıb, qızlarına Bəsti, Kifayət, Qızyetər kimi adlar da verməyib. Əksinə, hər uşağı doğulanda sağlam, əli-ayağı, əzası düz olduğuna görə Allaha şükür edib və qurban da kəsib. "Çünki onlar da Allahın mənə verdiyi bir paydır" deyir Əlimövsüm kişi.

 

Həyat yoldaşı Kimya xanımın sözlərinə görə, 20 övladın, yəni 10 qız və 10 kürəkənin, eləcə də nəvə-nəticənin əhatəsində xoşbəxt qocalıq ömrü yaşayır. Onları eşidənlərə isə bircə məsləhətləri var: qızdır deyib hələ dünyaya gəlməyən övladınızın qatili olmayın, çünki övladına yaxşı tərbiyə verə bilən ata-ana üçün övladın oğul, ya qız olmasının fərqi heç önəmli deyil: insana başucalığı gətirən, onları bəxtəvər valideynlər cərgəsinə qatan yaxşı övladdır – ya qız olsun, ya oğul, fərq etməz! Yetər ki, valideynlərinə, nəslinə, Vətəninə layiqli övlad olsun! Yaxşı övlad sahibi olmaq isə insanın öz əlindədir. Unutmayaq ki, oğul arxadırsa, qız yaraşıqdır. Ömrümüzə yaraşıq olan qızlarımızın qədrini ana bətnində olduqları andan bilək! Kimya xanım bu gün qurulan yeni ailələrə gələcəkdə dünyaya gələn övladları arasında fərq qoymamağı məsləhət görür.

 

Kürəkənləri də sakini Əlimövsüm kişi ilə Kimya xanımdan razılıq edirlər. Deyirlər ki, biz bu evə kürəkən kimi gəlib-getmişik, lakin bacılar arasında bizə olan qardaş münasibəti o qədər doğmalaşıb ki, artıq özümüzü bu ailədə qızlara qardaş, ağsaqqala və ağbirçəyə övlad hiss edirik.

 

X

XƏBƏRLƏR
BÖYÜT