Cümhuriyyətimiz sənədli filmlərdə! - MÜZAKİRƏ
13:52 – 31 May, 2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam oldu. Azərbaycan sənədli kinosu bu əlamətdar tarixə necə yanaşdı? 100 illiklə bağlı sənədli ekranımız qarşıya qoyulan məqsədlərə çata bildimi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

 

"Son iclas" bədii-sənədli filminin ssenari müəllifi Müsəllim Həsənov deyib ki, filmin çəkilişi zamanı Moskva və hətta İngiltərə arxivlərinə qədər müraciət edilib: "BP-Azərbaycan Şirkəti vasitəsilə Britaniya arxivlərinə cəhd etdik, amma alınmadı, ola bilsin gələcəkdə tapılacaq. Mən Moskva arxivlərində işləyəndə, o sənədlərin özünü tapdım: Qızıl Ordunun Azərbaycana girməsi barədə buradan göndərilən hesabat. O filmdə göndərilir".

 

Tənqidçi Elçin Əlibəyli Xalq Cümhuriyyəti haqqında çəkilən "Son iclas" bədii-sənədli filmini uğurlu ekran işi hesab edir. "Mən məqalələrimdə də yazmışdım ki, sənədli filmlərə bədiiliyin gəlməsi daha da canlandıra bilər və hadisələrin, qəhrəmanların göstərilməsi, obrazların canlandırılması tarixi dərsdən çox faydalı ola bilər. Sənədli filmin bədiiləşdirilib göstərilməsi ənənəsi əvvəldən olub". E.Əlibəyli hesab edir ki, Dövlət Televiziyasının arxivi dövlət arxivlərinə təhvil verilməli və ictimaiyyət üçün açıq olmalıdır.

 

Jurnalist İbrahim Nəbioğlu Azərbaycan Televiziyasının və BBC-nin Türkiyə təmsilçisi olanda Ənvər paşa haqqında film çəkdiyini deyib: "Ənvər paşanın nəvəsi Osman Mayatəpəyin yardımı vasitəsilə bir sıra türk arxivlərindən mənə kasetlər vermişdilər. Film çəkildi, Azərbaycan televiziyasında o filmi qayçıladılar və 20 dəqiqəlik filmdən 7 dəqiqəlik, onu da üç yerə bölüb 3 reportaj etdilər".

 

Kinorejissor Tahir Tahiroviç son 20 ildə "Azərbaycanfilm" kinostudiyasının Cümhuriyyət haqqında film çəkməməsinə öz iradını bildirib: "Çox təəssüf ki, "Azərbaycanfilm" kinostudiyası iqtisadi baxımından da, maliyyə baxımından da bir dənə də olsun bədii film çəkmədi. Bizim istehsal fabrikimiz odur, söhbət bundan gedir".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT