Masallıda müəllim ailəsi həyətində muzey yaradıb - REPORTAJ
15:40 – 31 May, 2018

Çay daşları ilə hörülən divarlar, döşəmə, müxtəlif güllər, qədim məişət əşyaları...

 

Bu gördüklərimizə nə muzeydədir, nə də hansısa istirahət məkanında.

 

Keçmiş dövrü xatırladan bu həyət Masallı rayonunun Boradigah qəsəbə sakini Məmməd Məmmədova məxsusdur. İxtisasca ingilis-fransız dili müəllimi olan Məmməd müəllim bütün bu gözəllikləri özü qurub yaradıb: "Pul kolleksiyası yığmağa, gül əkməyə, uşaqlıqdan ağac peyvənd etməyə, bağ salmağa mənim marağım olub. Eləmişəm bunları, indi məqam gəlib yetişib ki, göstərim bunları".

 

Yerli və müxtəlif ölkələrdən gətirilən güllər, qədim məişət əşyaları, xalçalar və çay daşlarının ahəngi həyətdə gəzdikcə adama xüsusi zövq verir. Məmməd müəllim deyir ki, bu çay daşlarını boş vaxtlarında çay kənarından seçib gətirir. Onları hissələrə böldükdən sonra hörgü işlərini aparır. Qədim əmək daşlarının bəzisi ona hədiyyə edilib, bəzisini isə elə çay kənarından tapıb: "Ağlım kəsəndən məişət əşyalarını yığmışam. Ən çox saxsı qablara, mis qablara marağım var. Yığmışam bura. 2 min ilə qədər yaşı olan, tunc dövrünə qədər gedib çıxan alətlər, qablar var. İndi daşlaşıblar. Daş alətlər var. Hansısa qədim dövrdə, daşın-dəmirin olmadığı dövrdə istifadə olunub".

 

Müsahibimiz həyətində milli atributlara da yer verib. O, buta formasında stol da hazırlayıb. Müəllim eyni zamanda kolleksionerdir: "50-yə yaxın xarici ölkədən yığmışam. Dostlar kömək edib. Özüm də xarici ölkədən gətirmişəm. Əlimizə düşən nə varsa, yığışıb ki, maraqlı olsun".

 

Məmməd Məmmədovun həyat yoldaşı, ixtisasca ingilis-alman dili müəllimi olan Naibə Məmmədovanın isə külqabı kolleksiyası var. Burada bir neçə ölkədən gətirilmiş müxtəlif formalı və həmin ölkənin rəmzlərini əks etdirən külqabılar saxlanılır: "Əsas işim müəllimlikdir, istəmişəm daha da maraqlı getsin həyatım. Hansı ölkəyə gedirik, tarixi yerlərini gəzirik və hobbi kimi oradan külqabılar da gətirirəm. Türkiyədən, İrandan, İraqdan, Amerikadan gələn hədiyyələr var. Özüm də toplamışam".

 

Məmməd Məmmədov artıq qapılarını turistlərin üzünə açıb: "Qonaqlarımız gəlir həyətə - məktəblilərdən tutmuş müəllimlərə kimi. Dostlardan, xarici ölkələrdən də gəlir. Telefonda görəndən sonra gəlirlər ki, gedək özümüz də canlı şəkildə baxaq. Amerikadan belə hətta qonaqlarımız olur".

 

Ev sahibi deyir ki, onun əsas məqsədi illərdir yığıb saxladığı qədim əşyaları gələcək nəslə ötürməkdir.

X

XƏBƏRLƏR
BÖYÜT