Bulvarda ödənişsiz uşaq bayramı - REPORTAJ
16:58 – 01 İyun, 2018

"Bütün uşaqlar xoşbəxt olsun, gələcəyi yaxşı olsun". Bütün istəyini bir cümlədə dilə gətirən təkcə bu balaca oğlanın arzusu deyil, bütün bəşəriyyətin arzusudur. Seyidağa ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Dənizkənarı Milli Parkda təşkil olunan aksiya zamanı  tanış olduq.

 

Diqqətimizi üzərində "polis" yazılmış köynəyi çəkdi. Məqsədi bəlli idi, polis olmaq istəyir. Səbəbini isə belə açıqladı: "Polis maraqlı bir işdir. Pis adamları tutur".

 

Seyidağa çox danışmağı sevmir, mən də çox uzatmadan keçirəm sıxlıqda növbə gözləyən digər uşaqlara. Aralarında jurnalist olmaq istəyən də var: "Jurnalistlər veriliş aparır. Onları çox istəyirəm".

 

Aksiya çərçivəsində əvvəlki illərdən fərqli olaraq, bu il ilk dəfə iki gənc rəssam uşaqların üzlərində cizgi filmləri personajlarının şəkillərini çəkib: "Səhər saat 10-dan başlamışıq, boş olmamışıq heç. Betmen, Spaydermen, qızlar daha çox pişik rəsmlərinin çəkilməsini istəyirlər".

 

Valideynlər də uşaqlar kimi xoşbəxt görünürdü. Onların da arzusunu eşitmək istədik: "Gələcəkləri xoşbəxt olsun. Həmişə belə firavan ölkədə yaşasınlar. Xoşbəxt olsunlar, ağıllı olsunlar. Valideynlərinin ümidi olsunlar".

 

Attraksionlarla yanaşı, Mirvari Gəmi Gəzintisi də təşkil edilib ki, bu da uşaqların əyləncəsinə xüsusi maraq qatıb.

 

Qeyd edək ki, bu gün təşkil olunan aksiyada 16 yaşa qədər uşaqlar 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, "Qorxulu Ev", "Pirat", "Möcüzələr dünyası" kimi  attraksionlardan ödənişsiz istifadə ediblər. Bu barədə Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov məlumat verib: "Heydər Əliyev Mərkəzinin təşkil etdiyi uşaq festivalı çərçivəsində Dənizkənarı Bulvar İdarəsində bu gün saat 10-dan günorta saat 1-ə kimi  bulvarda olan əksər attraksion və karusellər uşaqların istifadəsinə pulsuz verilib. Hava da çox gözəldir. Belə insan axınından məlum olur ki, 20-25 min insan bu gün bu aksiyada iştirak edəcək".

 

Jozef Jubert deyib ki, uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. Odur ki, gələcəyimiz olan uşaqlara  gözəl nümunələr bəxş edək. Üzünüz daim gülsün, əziz uşaqlar!

X

XƏBƏRLƏR
BÖYÜT