Ramazanda necə qidalanmalı? - DİETOLOQ MƏSLƏHƏTİ
11:00 – 02 İyun, 2018

Müqəddəs Ramazan ayının yarısı geridə qalıb.


APA TV-nin məlumatına görə, bu ayda əsas məsələlərdən biri qidalanmadır.

 

Orucluqda bəzi adamların dilindən tez-tez sağlamlığı ilə bağlı şikayətlər eşidirik. Onlar bunu ac qalmaqları ilə əlaqələndir, oruc tutmağı dayandırırlar. Ancaq bunun başlıca səbəblərdən biri düzgün qidalanmamaqla bağlıdır.

 

Diyetoloq Leyla Zülfüqarova deyir ki, Ramazanda bəslənmə xüsusi olmalıdır. Onun sözlərinə görə, insanlar bu ayda çox ciddi səhvlərə yol verir, iftarla imsak arasında çox vaxt olmadığına görə əsasən imsaka durmurlar. Bu isə öz növbəsində ciddi fəsadlara yol açır: "16 saat müddətində fasilə elan edən orqanizmdə metabolizm sürəti ləngiyə bilər. Bəzən su içirlər, düşünürlər ki, bununla imsak elədim. Düzdür, Allaha olan borclarını ödəyirlər. Amma orqanizmə olan borcumuzu ödəmirik. Səhər yeməyi ən vacib qidalanma vaxtıdır və imsak bizim səhər qəhvəaltısının yerinə keçir. Ona görə də gün ərzində vacib maddələrə ehtiyac duyduğumuz təqdirdə, səhər imsakında bunu yeməsək, o maddələri almamış oluruq. Bu zaman Ramazan ayının artıq 5-ci, 7-ci və s. günlərindən etibarən insanlar halsızlıq hiss edir, bu zaman deyirlər ki, oruc düşmədi. Demək ki, siz orucluğu düzgün idarə etməmisiniz. Siz imsakda doğru-düzgün qidalansanız, Ramazan ayında tam bir ay oruc tuta biləcəksiniz". 

 

Müsahibimiz ikinci vacib məqamın iftarla bağlı olduğunu deyir. Oruc tutan insanları gün ərzində ac qaldıqları üçün əksəriyyəti iftar vaxtı həddindən artıq böyük porsiyada yemək qəbul edir, yeməkdən dərhal sonra çay içir və s. Bunlar da orqanizm üçün ziyanlıdır. Diyetoloq Ramazan ayında əsasən tox tutacaq qidaların qəbul edilməsini tövsiyə edir: "Məsələn, tam taxıllı, çovdar unundan ibarət çörək mütləq yeyilməlidir. İmsakda bir iki dilim belə mütləq yeyilməlidir. İkinci bəsit şirniyyatlardan şirin çay, şəkər deyil məsələn meyvə, bal və meyvə quruları ilə şirniyyat ehtiyatınızı ödəyə bilərsiniz. Ramazan ayının ən gözəl nemətlərindən biri də elə xurmadır. Xurmanı təkcə iftarda deyil imsakda da qəbul etsinlər. Üçüncü suya olan ehtiyacınızı ödəmək üçün, mütləq imsakda 3-4 bardaq su ilə başlasınlar. Ardınca bizim susuzluğumuzu təmin edəcək orta dərəcədə duzlu pendirlər yemək lazımdır. Pendirin tərkibində olan duz kristalları özü orqanizmdə suyu tutub saxlamasına xidmət edir. Daha çox bol tərəvəzli qidalansınlar, süd qatıq məhsullarından bol istifadə etsinlər. Hər gün ən azından bir stəkan qatıq, mütləq iftardan sonra qəbul etsinlər".

 

O, iftar vaxtı qidaları hissə-hissə qəbul etməyi tövsiyə edir. Belə ki, hər bir qida arasında  bir saat interval olmalıdır. Diyetoloq ilk olaraq su və sulu qidalara, daha sonra salatlara, sonda isə ət məhsullarından ibarət yeməklərə üstünlük verilməsinin vacib olduğunu deyir.  

 

Leyla Zülfüqarlı deyir ki, Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də qastrit və yaxud qəbizlik ortaya çıxır. Bu da o deməkdir ki, həmin şəxslər orucluq ayında düzgün qidalanmayıb: "Mən həmişə deyirəm - diyetologiya elmi ilə Tanrının buyurduqları eynidir. Nə qədər deyirik, düzgün qidalanın. Ramazan ayı da bunun üçün tövsiyə olunub, sağlam qidalanmaya keçmək üçün bir tramplin ayıdır. İftardan sonra insanlar mütləq gec saatlar olsa belə, çıxıb gəzsinlər. İmsakdan da sonra 11-dən 3-ə qədər olan günəşli havada gəzməkləri çox vacibdir. Bu zaman D vitaminini biz günəşdən alırıq. Günəşdən aldığımız D vitamini bizim gün ərzində immunitetimizin yüksək səviyyədə qalmasına xidmət edir, yuxuluğu aradan qaldırır".

 

Diyetoloqun da dediyi kimi, Ramazan ayı həm də sağlamlıq ayıdır. Məhz bunu nəzərə alaraq çalışın ki, bu ayı tam sağlam və xoş anlarla başa vurasınız.

Allah orucunuzu qəbul etsin!

X

XƏBƏRLƏR
BÖYÜT