Əkizlərin səsləri bir-birindən necə ayırd edilir? - REPORTAJ
11:02 – 06 İyun, 2018

Məhkəmə Ekspertizası Mərkəzinin ənənəvi kriminalistik ekspertiza ilə məşğul olan sahələrindən biri də əlyazmaların və səslərin ekspertizaları şöbəsidir.

 

APA TV-nin xəbərinə görə, şöbədə 5 ekspertiza növü üzrə - məhkəmə-xətşünaslıq, məhkəmə-sənətşünaslıq, məhkəmə-müəllifşünaslıq, məhkəmə-fonoskopik və məhkəmə-linqvistik üzrə ekspertizalar aparılır.

 

Şöbə rəisi Elçin İsmayılovun sözlərinə görə, məhkəmə-xətşünaslıq ekspertizası tədqiq olunan əlyazmaların və imzaların icraçısının müəyyən edilməsi məqsədilə həyata keçirilir: "Eyniləşdirici tədqiqat konkret olaraq əlyazmaların və imzaların icraçısının müəyyən edilməsində, yəni  bizə təqdim olunmuş şübhəli şəxslərin xətt və imza nümunələri ilə müqayisə aparılaraq təqdim olunmuş xətt və imzaların kim tərəfindən icra olunub-olunmaması məsələsini həll edirik. Eyniləşdirici olmayan tədqiqatda isə icraçının cinsi mənsubiyyətinin tədqiq olunub-olunmaması, həmin tədqiqat obyektlərinin qeyri-adi fizioloji vəziyyətdə icra olunub-olunmaması və s. kimi diaqnostik məsələlər həll olunur".

 

Şöbənin ən maraqlı ekspertiza növlərindən biri də fonoskopik ekspertizadır. Fonoskopik ekspertiza zamanı danışığın yazılı mətnlə müəyyən olunması, danışıqda iştirak edən şəxslərin kimliyi, yazılışda montaj və digər dəyişiklərin, həmçinin yazılışın aparıldığı akustik şəraitin müəyyən olunması, yazının yazıldığı yazı qurğusunun identifikasiyası məsələləri tədqiq olunur. Fonoskopik ekspertizada həm linqvistik, həm də akustik ekspert iştirak edir. Səslərin linqvistik ekspertizası zamanı onların morfoloji, fonetik, leksik səviyyədə tədqiqat aparılır.

 

Akustik ekspertlər isə səsin fiziki parametrlərini tədqiq edirlər. Baş ekspert Lətif Əliyev deyir ki, səslərin tədqiqatı prosesində 4 blokdan ibarət "Otexpert" proqram kompleksindən istifadə olunur: "Mən akustik kimi səsin fiziki parametrlərini müəyyən edirəm. Hazırda bu gördüyünüz spektrdə səsin əsas tonu adlanan parametrdir. Müəyyən etdiyimiz parametrlərdən biridir. Səs tellərinin vahid zamandakı rəqslərinin sayıdır. Yəni səs teli nə qədər elastikdirsə, onların vahid zamandakı tezliyi o qədər çox olur. Qadınlarda kişilərə nisbətən bu tezlik yüksəkdir. Bu, səsi xarakterizə edən fiziki parametrlərdən biridr".

 

Səslərin qəsdən dəyişdirilməsi və yamsılanmasında peşəkar fonoskopik eksperti aldatmaq mümkün deyil: "Əsasən proqram vasitəsilə real müddətdə səsin dəyişdirilməsi əsasən bu göstərdiyimiz səsin əsas tonunu dəyişməklə baş verir. Əlbəttə, səs əsas tonu səsi xarakterizə edən yeganə kəmiyyət olmadığına görə biz əsasən eyniləşdirmədə vokal traktın ölçüsünü istifadə edirik. Nitq aparatımızın, boğazımızın ölçüsünü müəyyən etməklə biz eyniləşdirmə edirik".

 

Səslərin eyniləşdirmə tədqiqatı prosesində ən çətin nüanslardan biri qohum səslərin tədqiqidir: "Əkiz bacıların, əkiz qardaşların, xala uşaqlarının səslərində nitq vərdişləri eyni cür olur. Çünki onların anatomik quruluşları eyni cür olur. Amma bu günə qədər hələ bizim təcrübəmizdə səhv olmayıb".

 

Əlyazmaların və səslərin ekspertizaları şöbəsindən bu qədər. Növbəti reportajlaradək...

X

XƏBƏRLƏR
BÖYÜT