İtaliyada göldə boğulan azərbaycanlı tələbənin anası: "Dostu deyir ki..." - TƏFƏRRÜAT
14:56 – 07 İyun, 2018

O, ailənin tək oğul övladı idi.


APA TV-nin məlumatına görə, iki bacının bir qardaşı olan 31 yaşlı Elnur Roma Universitetində magistr təhsili alırdı. Elnur Rafiq oğlu Babayev iki il öncə ölkə hüdudlarından kənarda təhsil almağa getmişdi.

 

Anası Nigar Babayeva deyir ki, Elnur Novruz bayramı ərəfəsində Bakıya gəlib. Tətilini Bakıda, valideynlərinin yanında keçirən gənc tələbə bu il mayın 30-da yenidən Romaya qayıdıb. Sonuncu dəfə iyunun 2-də anası Nigar xanımla danışan Elnur sənədlərini qaydasına saldığını, imtahana hazırlaşdığını və "məndən nigaran qalmayın, iyunun 5-də imtahanımı verib sizinlə əlaqə saxlayacağam" deyib: "İyunun 2-si gecə saatları idi. Telefon zəng çaldı. Çatdırıb götürə bilmədik. Bir neçə dəqiqə keçdi, Elnurun əmisi zəng elədi və ailəsi ilə bizə gəldi. Gecə 3-ün yarısı idi. Bizdən soruşdu ki, uşaqdan xəbəriniz varmı? Sən demə, elə həmin gün dostu ilə göldə çimməyə gedib. Dostu Elvinlə birlikdə gedib, birlikdə çimiblər. Elvin boğulurmuş, onu xilasedicilər çıxarıb. Amma mənim oğlumun boğulduğunu deyirlər. Elə həmin gecədən evimdə hüzrdür. Bir həftədir Elnur tapılmır. Hamı bilir, bu iki ildə o, bir dəfə də olsun ailəsinə demədən kənara gəzməyə belə çıxmayıb. O necə ola bilər ki, gölə getsin. Buna inanmıram".

 

Roma Universitetində təhsil alan Elnur Babayev iyunun 2-də göldə boğulub. Ailəsi hadisənin Kastel Qandolfo şəhərindəki Albano gölündə baş verdiyini deyir. Azərbaycanda Bakı Avrasiya Universitetini bitirən Elnur Babayevin Roma Universitetində politologiya ixtisası üzrə magistr təhsilini başa vurmasına iki ay qalıbmış.

 

Anası deyir ki, Elnur hələ Bakıda oxuyanda ailəsinə təhsilini xarici ölkələrin birində davam etdirmək arzusunda olduğunu deyib. Evin tək oğul övladı olmasına baxmayaraq, ailəsi onun bu istəyinə qarşı çıxmayıb. Anası Nigar xanım deyir ki, payızda evlənəcəyi barədə ona söz veribmiş: "Deyirdi, az qalıb, bitirim universiteti, gəlib Bakıda özümə iş quracağam. Çox savadlı, ağıllı və sakit uşaq idi. Sonuncu dəfə dedim ki, Elnur, get-gəl, yayda evləndirərik səni. Onunla birlikdə olan oğlanla bir neçə dəfə danışdım. Deyir, məni xilas etdilər, amma mənim ona gücüm çatmırdı. Deyib ki, Elnur, məni bağışla, kömək edə bilmədim sənə".

 

Əmisi Məmməd Babayev deyir ki, əslən Füzulidən olan Elnurun babası rayonun işğalı zamanı ermənilər tərəfindən girov götürülüb və elə girovluqda şəhid olub: "Dostu ilə birlikdə gedib qayıq götürüb və çimmək istəyiblər. Yanındakı oğlanın dediyinə görə, Elnur üzə bilməyib və batıb. Ailə olaraq burdan Azərbaycan prezidenti İlham Əliyeva müraciət edirik. Yeganə xahişimiz budur ki, cənab prezident Elnur Babayevin axtarışlarının sürətləndirilməsi üçün müvafiq tapşırıq versin. Biz şəhid ailəsiyik. Xahiş edirəm, qardaşım oğlunun axtarışları sürətləndirilsin".

 

Hadisə baş verən günün səhəri Elnur Babayevin ailəsi Xarici İşlər Nazirliyinə müraciət edib. Müraciətdən üç gün sonra onun atası Rafiq Babayev, dayısı və digər bir qohumu İtaliyaya göndərilib.

 

Hazırda axtarışlar davam edir. Ailə aidiyyəti qurumlardan kömək istəyir.

X

XƏBƏRLƏR
BÖYÜT