Növbəti stansiya yenidən "Sahil" - REPORTAJ
17:02 – 07 İyun, 2018

Bu gün Bakı Metropoliteninin "Sahil" stansiyası əsaslı təmirdən sonra sərnişinlərin istifadəsinə verilib.

 

APA TV-nin xəbərinə görə, stansiyada işlər təyin edilmiş müddətdən xeyli əvvəl yekunlaşdırılıb.

 

Yenidənqurma prosesi çərçivəsində istismar müddətini başa vurmuş eskalatorlar sökülərək yeniləri ilə əvəz olunub.

 

Yeniliklərdən biri isə 3 eskalator əvəzinə 4-nün quraşdırılmasıdır. Bu da daha çox sərnişin sıxlığı ilə seçilən "Sahil" stansiyasında hərəkətin tənzimlənməsinə əlverişli şərait yaradacaq.

 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib ki, dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı Metropolitenində tətbiq olunub: "Bilirsiniz ki, 1967-ci ildən istismarda olan "LT" tipli 3 ədəd eskalator yeniləri ilə - "Thyssen Krupp" şirkətinin "Viktoriya" tipli eskalatorları ilə əvəz olunub. "Sahil" stansiyası dərin özüllü stansiya olaraq 50 il istismarda olan eskalatorlar təhlükəsizlik baxımdan çətinliklər yaratmışdı. Bu gün 4 ədəd eskalatorun istifadəyə verilməsi istər sərnişinlərin istər təxliyəsində, istərsə də stansiyanın istismarında imkanlar yaradacaq".

 

Eskalatorların quraşdırılması başa çatdıqdan sonra stansiyanın ümumi memarlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, işıqlandırma və videomüşahidə sistemləri, habelə monitorlar yenilənib. Stansiyanın yerüstü vestibülündə də müvafiq təmir, yenidənqurma işləri görülüb. Divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğunlaşdırılıb, vestibülün estetik görkəmi dəyişib. Tavanda ümumi memarlıq-dizayn tərtibatını tamamlayan müasir işıqlandırma sistemi quraşdırılıb: "Stansiyanın infrastrukturu, o cümlədən stansiya yolları, platforma və platformaaltı səviyyələrdə yerləşən texniki sahələr dövrün ən yeni standartlarının tələbləri nəzərə alınaraq yenidən qurulub və daha funksional olub. Stansiyada hərəkətin tənzimlənməsi, videomüşahidə, işarəvermə və rabitə sistemlərinin avadanlıqları yenilənməklə, onların yerləşdiyi sahələr və otaqlar yeni standartlar səviyyəsinə çatdırılıb. Stansiyada ən müasir mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırılıb".

 

Sərnişinlər də stansiyanın yenilənməsi və istifadəyə verilməsindən olduqca məmnundur: "Əvvəllər biz "28 May"dan gəlirdik və həmişə məktəbə gecikirdik. İndi bu stansiya həddindən artıq gözəl və müasir olub. Həm də buradakı göy rəng bizə sahili xatırladır".  

 

Qeyd edək ki, hazırda “Bakmil” stansiyasında yenidənqurma tədbirləri mərhələli şəkildə yerinə yetirilir. Yaxın gələcəkdə "Xətai" stansiyasında köhnə eskalatorların dəyişdirilməsi, eləcə də metropolitenin digər stansiya və stansiya yollarında yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulub.

X

XƏBƏRLƏR
BÖYÜT