Xəzərin mal-qaralı və zibilli çimərliyi - REPORTAJ
11:00 – 08 İyun, 2018

Xaçmazın Niyazoba kəndi Xəzər dənizinin sahilində yerləşir. Hər il rayon əhalisi də daxil olmaqla istirahət üçün bura üz tutanların sayı çox olur.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, zəngin turizm potensialına baxmayaraq, çimərliklərdə sahil boyu antisanitariya şəraiti hökm sürür.

 

Dəniz sahili zibillik və tullantılarla dolu olur. Çimərliklərdə iribuynuzlu mal-qara sürülərinə tez-tez rast gəlmək olur: "Yaxşı olar ki, gəzinti gəmiləri, motosikletlər olsun. Burda belə şərait yoxdur. Çox gözəl dəniz və müalicəvi əhəmiyyəti qumumuz var. Burda şərait yoxdur. Burda obyektlər qurulur, mən baxanda utanıram. Dəniz kənarı pis vəziyyətdədir, adam baxanda utanır. Şəraitsizliyə baxmayaraq, uzun illər mövsüm boyu gəlib-gedirlər. Yaxşı olardı ki, şərait olsun. İlkin olaraq yol bərbad vəziyyətdədir, sonra da təmizlik. Çayda sel olanda özü ilə zir-zibil gətirir, ikincisi də turistlərin atdığı tullantılar yerində qalır. Üçüncüsü, obyektlərin də zibilləri orda qalır. Bütün bunlar planlı şəkildə qurulsaydı, bura daha üstün olardı. Buranın qumu müalicəvidir".

 

Kənd sakinləri hesab edir ki, ərazidə təmizlik işlərinin aparılması və müvafiq infrastrukturun qurulmasına ehtiyac var. Xaçmaz Turizm və İnformasiya Mərkəzinin əməkdaşı Mais Zahirov isə deyir ki, bu istiqamətdə həllini gözləyən bir çox problemlər var: "Bu istiqamətə gələn turistlərin qalması üçün yer yoxdur. Bu da onların narazılığına səbəb olur. Sahibkarlardan bu ərazilərə yatırım etməsini xahiş edirik. Mövsümlə bağlı həmin çimərliklərin təmizlənməsi üçün işlər aparılacaq".

 

Ərazinin çimərlik mövsümünün başlamasına qədər tullantılardan təmizlənməsi üçün aidiyyəti qurumlara məlumat verilib.

 

X

XƏBƏRLƏR
BÖYÜT