Yaralı qartal, sahibsiz ayı balası... - HEYVANLARIN REABİLİTASİYA MƏRKƏZİNDƏN REPORTAJ
10:54 – 09 İyun, 2018

Yaralı qartal tutulub, yırtıcı heyvan balaları tapılıb... Yerli mətbuatda bu tip xəbərlərə tez-tez rast gəlirik.

 

APA TV-nin məlumatına görə, bəs çarəsiz heyvanların sonrakı taleyi necə olur? Bəlkə də çox az sayda vətəndaşın bununla bağlı məlumatı var ki, Azərbaycanda müxtəlif səbəblərə görə vəhşi təbiətdən ayrı düşən yırtıcı heyvanların saxlandığı mərkəz fəaliyyət göstərir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi media-tur çərçivəsində biz də 2006-cı ildə yaradılan Cənubi Qafqazda ilk və yeganə unikal mərkəzlə tanış olmaq imkanı qazandıq.

 

Altıağac Milli Parkında Vəhşi Təbiətin Bərpası Mərkəzi fəaliyyət göstərir. Bu günə qədər bu mərkəzdə təxminən 500-ə yaxın vəhşi heyvan və yırtıcı quş növü reabilitasiya keçib və təbiətə buraxılıb.

 

Təəssüf ki, bəzi hallarda yırtıcı heyvanlar insanların daha çox mənfəət əldə etmək arzusu uğrunda vasitəyə çevrilir. Onlar vəhşi təbiətdən, yəni doğma mühitdən qoparılır və restoranların ərazisindəki kiçik qəfəslərə salınır. Bu məqamı təsadüfən vurğulamadıq. Çünki mərkəz zərurətdən yaradılıb. Nazirliyin əməkdaşı Hikmət Əlizadə deyir ki, restoran və kafelərdə qanunsuz heyvan saxlanması hallarının qarşısı alınıb:

 

“Yadınızdadırsa, yaxın keçmişdə, təxminən 10-15 il əvvəl ictimai iaşə obyektlərində çox sayda qanunsuz heyvan saxlanırdı. Onlarla pis şəraitdə, kiçik barmaqlıqlar arasında rəhmsiz rəftar olunurdu. Məqsəd daha çox müştəri əldə etmək idi. Mərkəz yaradılandan sonra onlarla - bəzi heyvanların sayı isə hətta yüzlərlə idi - heyvan məcburi qaydada götürüldü, cərimə tətbiq olundu və burada reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxıldı”.

 

Zərurətdən yaradılan mərkəz həm də reabilitasiya klinikası kimi fəaliyyət göstərir - respublikanın hansı bölgəsində rast gəlinməsindən asılı olmayaraq, ehtiyac olduqda zədəli və xəstə yırtıcılar da məhz bura gətirilir. Həm xırda, həm də iri heyvanların saxlanması üçün qəfəslər var. Baytarlıq blokunda cərrahi əməliyyat üçün hər cür şərait yaradılıb. Hazırda mərkəzdə yalnız bir heyvan saxlanılır – “Qırmızı kitab” a düşən qonur ayı balası. Altıağac Milli Parkının direktor əvəzi Göycə Musayev bu ayı balasının Qubadan gətirildiyini deyib:

 

“Keçən il Quba rayonundan iki bala ayı gətirilmişdi. Vətəndaşlar yaralı quşlar da gətirirlər. Məsələn, bu qonur ayı balası keçən il Quba rayonunda tapılıb, təhvil verilmişdi. Sağlam ayı idi. Sadəcə, anası yox idi. Çox güman ki, gələn il vəhşi təbiətə buraxacağıq”.

 

Əgər yaralı yırtıcılara rast gəlsəniz, Ekologiya Və Təbii Sərvətlər Nazirliyinə, yerli ekoloji şöbələrə, yaxud da Vəhşi Təbiətin Bərpası Mərkəzinə müraciət edə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT