Tərbiyə(sizlik) müəssisəsində nə baş verib? - REPORTAJ
20:23 – 11 İyun, 2018

Bu görüntülər Bakının Yasamal rayonunda “Kids Studio” adlı ilə fəaliyyət göstərən uşaq mərkəzində qeydə alınıb.

 

APA TV-nin xəbərinə görə, məlum olub ki, uşaqlarla kobud rəftar edən şəxs müəssisədə tərbiyəçi kimi çalışan Firuzə Tağıyevadır.

 

Məsələni daha da ətraflı araşdırmaq üçün üz tutduq həmin mərkəzə. Ancaq nə qədər cəhd etsək də, üzümüzə qapı açılmır.

 

İlk cəhdimiz alınmasa da, sonra mərkəzin rəhbəri Nigar Müseyibova şifahi məlumat verməyə razılaşdı. O bildirdi ki , tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini əks etdirən görüntülərdən xəbəri olmayıb. Onun sözlərinə görə, görüntüləri bağçanın qəbul şöbəsində çalışmış xanım yayıb. Amma görüntülər ortaya çıxan kimi bağçada uşaqlara qarşı zorakılıq edən tərbiyəçi işdən uzaqlaşdırılıb.

 

Valideynlərin bağçada baş verənləri onlayn qaydada izlədiyini vurğulayan Nigar  Müseyibova qeyd edib ki, müəssisə bundan sonra fəaliyyət göstərməyəcək.

 

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri uşaq mərkəzində  zorakılıq faktını araşdırmaq üçün müəssisəyə gəliblər.

 

Məsələyə dövlət qurumları da münasibət bildirib. Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, “Kids Studio” uşaq bağçası lisenziyasız, yəni qeyri-qanuni fəaliyyət göstərir.  

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov  deyib ki, uşaq bağçasının yerləşdiyi ərazinin və uşaqlara qarşı zorakılığı törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaya başlanılıb.

 

Qeyd edək ki, ilk olaraq azxeber.com saytı Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıb. Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.

X

XƏBƏRLƏR
BÖYÜT