Məhəbbət Vəliyeva: “Son zəng” yalnız məktəb daxilində və iki saat ərzində keçiriləcək”
14:29 – 12 İyun, 2018

İyunun 14-də bütün məktəblərdə “Son zəng” tədbiri keçiriləcək. Bu tədbir yalnız məktəb daxilində və iki saat ərzində baş tutacaq. 

 

APA TV-nin xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

 

O bildirib ki, məktəb rəhbərliyi ilə yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də müvafiq orqanlara şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciət edib: "Aidiyyəti orqanlara qabaqlayıcı tədbirlərin görülməsi üçün müraciətlər edirik. Builki son zəng tədbirləri də yüksək səviyyədə keçiriləcək. Bu il Bakı məktəblərini təxminən 26 min nəfərdən çox 11-ci sinif şagirdi, 27 min nəfərdən artıq isə 9-cu sinif şagirdi bitirir. İyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək. Güman edirik ki, yaxşı nəticə göstərən şagirdlərimizin sayı artacaq". 

 

Məhəbbət Vəliyeva qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin yalnız on faizində şagird sıxlığı müşahidə olunur. Hazırda 31 məktəbdə sıxlıq var. Onun sözlərinə görə, birinci sinfə qəbul məsələlərində ərazi prinsipinin tətbiq olunması bir çox halda şagird sıxlığının qarşısının alınmasına şərait yaradır: "Çünki bəzən valideynlər evlərinin yaxınlığındakı məktəbi qoyub, uşağı arzu etdikləri məktəbə qoymaq üçün müraciət edirlər. Mövqeyimiz bundan ibarətdir ki, uşaqlar yaşadıqları ərazi üzrə məktəbdə təhsilə cəlb olunmalıdır. Vakant yerlər qaldığı təqdirdə, valideynlərin istək və arzuları nəzərə alınaraq uşaqlar istədikləri məktəbə yerləşdirilə bilər".

 

Qeyd edək ki, bu gün Nizami Kino Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Bakı məktəblilərinin I forumu keçirilib. Tədbirdə il ərzində uğur qazanmış şagirdlər səhnəyə dəvət olunub. Hər birinin qazandığı uğurlar haqqında məlumat verilib.  

 

Sonda məktəblilərin ifasında forumun himni səsləndirilib.

X

XƏBƏRLƏR
BÖYÜT