Qoşqar Təhməzli: "Küçələrdən ət kəsimi və satışı yığışdırılacaq"
14:53 – 12 İyun, 2018

Prezidentin dünən imzaladığı sərəncama əsasən, Azərbaycanda iri və xırdabuynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsimi məntəqələrində həyata keçiriləcək.

 

APA TV-nin xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli deyib.

 

O bildirib ki, həmin məntəqələrin müəyyənləşdirilməsi ilə bağlı yerli icra orqanları hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib: "Həm şəhər, həm rayonlardakı əhalinin sayına görə, həm də orda yerləşən heyvandarlıq təsərrüfatlarına görə hər bir zonada neçə ət kəsimi məntəqəsinin fəaliyyətə başlayacağı müəyyən olunacaq. Bu iş inzibati qaydada deyil, mərhələli şəkildə həyata keçiriləcək. Azərbaycan ərazisində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin sayı və onların sanitar-gigiyenik vəziyyəti monitorinq olunacaq. Azərbaycan ərazisində nə qədər ət kəsimi məntəqəsinə ehtiyac olduğu müəyyənləşdiriləcək. Azərbaycanda xırda və iribuynuzlu heyvanların bütün baytarlıq-sanitar və sanitar-gigiyenik normalara və qaydalara əməl olunmaqla kəsimi və satışı təmin olunduqdan sonra küçə və meydançalardan qeyri-qanuni ət kəsimi və satışı yığışdırılacaq".

 

İnsanların maarifləndirilməsi üçün jurnalistlərin üzərinə böyük bir öhdəlik düşdüyünü vurğulayan direktor əhali arasında bu cür halların azaldılmasının vacibliyini qeyd edib: "Əhali arasında çox yanlış bir fikir formalaşıb. İnsanlar elə düşünür ki, onların gözü önündə kəsilən heyvanlar daha yaxşı ət hesab edilir. Bu əsla belə deyil. Qida məhsulları ən yüksək riskli məhsullardır və ət məhsulları onlar arasında fərqlənir".

X

XƏBƏRLƏR
BÖYÜT