Fazil Mustafa: "Yaponiyada bağça tərbiyəsi kişilərə həvalə olunub"
16:38 – 12 İyun, 2018

Milli Məclisinin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 23 məsələ daxildir.

 

İclasda əvvəlcə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məişət tullantılarının çeşidlənməsi və daşınması ilə bağlı problemin illərdir qalmasına diqqət çəkib: “Xəzərin Bakı bulvarı hissəsinə axıdılan tullantılar orada üfunət qoxusunun yayılmasına səbəb olur. Bu qoxuya görə adam xarici vətəndaşların yanında utanır. Bundan başqa, məişət tullantılarının daşınması da ciddi problemdir. Bu tullantılar ötən əsrin 60-cı illərindən qalmış kolxoz maşınları ilə daşınır, bəzən küçəyə dağılır”.

 

Vitse-spiker Valeh Ələsgərov bu günlərdə Ceyranbatan su anbarına axıdılan tullantılara görə verilən cəzanın yetərli olmadığını diqqətə çatdırıb: “Ona görə də cərimələr artırılmalıdır. Bu rəqəm az olduqca insanlara qanuna əməl etməkdə maraqlı olmayacaq”.

 

İclasda “Sərhəd qoşunları haqqında“ qanuna dəyişiklik layihəsi müzakirə olunub. Layihə barədə MM sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

 

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, “Siyasi partiyalar haqqında” qanunda bəzi maddələrə yenidən baxmaq lazımdır: “Məsələn, 8-ci maddədə kimlərin siyasi partiyaya üzv ola bilməsi barədə məlumatlar var. Düşünürəm ki, buna yenidən baxmaq lazımdır. Həmin maddədə göstərilir ki, maliyyə orqanları nümayəndələrinin siyasi partiya üzvü olması qadağandır. Məncə, bu düzgün deyil. Başqa bir məsələ də Mərkəzi Bankın İdarə Heyəti üzvlərinə siyasi partiya üzvü olması ilə bağlı qadağa qoyulmasıdır. Onlar hansısa partiyanın üzvü olsa, nə baş verəcək ki? Bu qadağalar dəyişməlidir”.

 

Uşaq bağçasında uşaqların tərbiyəçi tərəfindən döyülməsinə toxunan deputat Fazil Mustafa Yaponiyada uşaq bağçalarında qadınlara tərbiyəçiliyin qadağan edildiyini, əvəzində kişilərin bu işə cəlb olunduğunu deyib: "Yəqin ki, onlar ciddi bir araşdırma apardıqdan sonra belə bir qərara gəliblər ki, bağça tərbiyəsi məhz kişilərə həvalə olunmalıdır. Bəlkə biz də bu istiqamətdə sosioloji araşdırmalar aparaq, işlər görək?”

 

Siker Oqtay Əsədov deputat Fazil Mustafaya cavab olaraq bildirib ki, Azərbaycanda məktəbəqədər təhsillə, xüsusilə uşaq bağçalarındakı vəziyyətin təkmilləşdirilməsi ilə bağlı araşdırmalar gedir.

 

İclasda Əmək Məcəlləsinə də dəyişiklik edilib, sürücülük vəsiqəsi və avtomobillərin qeydiyyatına görə rüsumun artırılması məsələsi isə MM-in gündəliyindən çıxarılıb.

 

Qeyd edək ki, növbədənkənar sessiya müddətində daha iki plenar iclasın keçirilməsi nəzərdə tutulur.

 

X

XƏBƏRLƏR
BÖYÜT