Türkiyədə tarixi TANAP layihəsinin açılışı oldu
21:15 – 12 İyun, 2018

Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.

APA TV-nin məlumatına görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın baş naziri Boyko Borisov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bu gün TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə-Azərbaycan qardaşlığının növbəti zəfəridir. Əgər bu qardaşlıq olmasaydı, layihə kağız üzərində qala bilərdi. Bu layihə tarixi layihədir. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bölgəmizə sabitlik gətirir, xalqlara fayda verir. Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) enerji məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. TANAP nəhəng Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. İki həftə öncə Cənub Qaz Dəhlizinin açılışı həyata keçirilib. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP. Dörd layihənin 3-u yekunlaşıb. TAP-ın icra faizi 72%-dir. İnanıram ki, TAP da iki ilə yekunlaşacaq. Beləliklə, Avropanın ən böyük infrastruktur layihəsi icra olunmuş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycan qazı qısa yolla, təhlükəsiz yolla Avropaya çatdırılsın”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu gün bölgə və ölkə üçün tarixi bir addım atıldığını qeyd edib: "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik. Bu layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan, eləcə də şirkətlər arasında mövcud olan möhkəm əlaqələr, etibar sayəsində mümkün olub: “Bu nəhəng layihənin planlaşdırılan tarixdən öncə həyata keçirilməsində əməyi keçənləri təbrik edirəm. Prezident İlham Əliyevə göstərdiyi liderliyə görə təşəkkür edirəm". 

Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. TANAP layihəsi “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

X

XƏBƏRLƏR
BÖYÜT