Gürcüstan Sər­həd Polisinin rəisi Azərbaycanda səfərdə olub
11:15 – 13 İyun, 2018

Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstanın Sər­həd Polisinin rəisi Teymuraz Kekelidzenin rəhbərlik etdiyi nü­mayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftal­mo­loq, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbayca­nın müstə­qilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

 

Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədindəki vəziyyət və onun gələcək dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsin­də qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, dövlət sərhədinin delimita­siya­sı üzrə işlərin sürətləndirilməsi məqsədilə zəruri fəaliyyətin davam etdirilməsi, habelə gələcək illər üçün əməkdaşlıq istiqamətlərinin müəy­yən edilməsi kimi məsələlər müzakirə edilib.

 

Müzakirələr zamanı Azərbaycanın dövlət sərhədindəki əməliy­yat şəraiti və mövcud təhdidlər, o cümlədən Er­mə­nistanın təcavüzü nəticəsində ölkə ərazi­sinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş əra­zilərin trans-sərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, möv­cud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğu­lanıb, sərhəd mühafizə sisteminin gücləndiril­məsi, müasir təlim-təd­ris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat veril­ib.

 

Gürcüstan nümayəndə heyəti səfər zamanı Dövlət Sərhəd Xid­məti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademi­yası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış ediliblər.

 

İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının inkişaf etdiril­məsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən “Azər­bay­can Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sər­həd nümayəndələrinin / sərhəd komissarlarının fəaliyyəti haqqında Saziş” imzalanıb.

 

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

 

X

XƏBƏRLƏR
BÖYÜT