DGK media nümayəndələri üçün seminar təşkil edib
13:18 – 13 İyun, 2018

"Azərbaycanda fiskal siyasətin həyata keçirilməsi və iqtisadi təhlükəsizliyinin qorunmasında gömrük xidmətinin önəmi böyükdür".

 

APA TV-nin məlumatına görə, bunu media nümayəndələri üçün "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda təşkil olunan seminarda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

 

O, ölkədə gömrük sisteminin formalaşmasının son dərəcə mürəkkəb proseslərdən keçdiyini bildirib:

 

 

"1995-ci ildən gömrük xidmətində xüsusi baxış, inkişaf tendensiyası dəyişib. Ulu öndərimiz "Gömrük xidməti Azərbaycan dövlətinin əsas atributlarından biridir" ifadəsini işlədib. O, gömrüyün 5 illik yubiley tədbirindəki proqram və gələcəyə baxış tendensiyalı çıxışında xidmətin gələcək inkişafının parametrlərini xidmət rəhbərliyi qarşısında qoyub".

 

Komitə sədri ictimaiyyətin gömrük xidmətinin fəaliyyəti barədə daha geniş məlumatlar əldə etməsi üçün media nümayəndələrindən ibarət bir qrupun yaradılmasını təklif edib. Sədr bildirib ki, yeni qrupa komitənin struktur bölmələri, habelə gömrük-keçid məntəqələrində mütəmadi monitorinqlərin aparılması üçün şərait yaradılacaq.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov analoji seminarların jurnalistlərin ixtisaslaşmasına təkan verəcəyini qeyd edib.

 

"APA Holding"in prezidenti Vüsalə Mahirqızı isə jurnalistlərin gömrük sistemində monitorinqlərə cəlb olunması üçün öncə bu sahədə müfəssəl biliklərə yiyələnməsini vacib sayıb:

 

 

"Medianın ana problemlərindən biri ixtisaslaşmadır. Gömrük sahəsindən yazan jurnalistlərin sahə ilə bağlı heç olmasa giriş, elementar bilikləri olmalıdır. Bunun üçün əlbəttə mütəxəssislərin, sizlərin, Dövlət Gömrük Komitəsi əməkdaşlarının, bu sahənin mütəxəssislərinin rəylərinə çox ciddi şəkildə ehtiyac var".

 

O, həmçinin keçirilən gömrük əməliyyatlarının təbliği, rüsumlar barədə ictimaiyyətin məlumatlandırılmasının da önəmini qeyd edib.

 

Qeyd edək ki, iki günlük seminarda jurnalistlərə gömrük nəzarətinin təşkili, bu sahədə fiskal siyasət, hüquqpozmalara qarşı mübarizə tədbirləri, "Yaşıl dəhliz" anlayışı və digər prosedurlar barədə ətraflı məlumat veriləcək.

X

XƏBƏRLƏR
BÖYÜT