Mayis Əlizadə: "TANAP Azərbaycanın müstəqilliyini gücləndirəcək"
14:06 – 13 İyun, 2018

"TANAP Azərbaycanla Türkiyə arasında enerji sahəsində ikitərəfli mühüm bir müqavilə olmaqla yanaşı, Azərbaycanı bölgənin, hətta dünyanın çox önəmli bir oyunçusu halına gətirən layihədir".

 

APA TV-nin məlumatına görə, bu sözləri APA TV-nin Türkiyə müxbiri Mayis Əlizadə Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı barədə fikirlərini bildirərkən deyib.

 

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsində siyasi iradə lazım idi. Azərbaycan və Türkiyənin prezidentləri dəfələrlə vurğuladılar ki, bu siyasi iradə var: "TANAP layihəsinin ən mühüm cəhətini qiymətləndirəndə görürük ki, Türkiyə qaz ehtiyacını qarşılamaq üçün müxtəlif yerlərdən qaz almaq istəyir. Türkiyə inkişaf edən ölkədir, ancaq onun neft-qaz ehtiyatları yoxdur. Türkiyənin cari kəsiri də neft və qazdan olur. Rusiyadan təbii qaz asılılığı 60 faizdir. Bu, enerji təhlükəsizliyi baxımından, ümumiyyətlə, dövlət təhlükəsizliyi baxımından narahatlıq yaradan durumdur. Buna görə TANAP birinci növbədə Türkiyənin bu asılılığını aradan qaldıran layihədir".

 

Mayis Əlizadə hesab edir ki, TANAP Avropanın enerji ehtiyaclarının təhlükəsiz şəkildə təmin edilməsində bir neçə önəmli rola malikdir:

 

"1. Azərbaycanın öz müstəqilliyini gücləndirmək üçün dünya bazarına öz təbii sərvətləri ilə çıxması.

 

2. Azərbaycanı xüsusi oyunçu halına gətirir.

 

3. Azərbaycan qardaş ölkə olan Türkiyənin bir enerji paylaşma mərkəzinə gəlməsinə önəmli bir töhfə vermiş oldu".

 

Mayis Əlizadə əlavə edib ki, Türkiyəyə çatdırılan təbii qaz artıq qalarsa, bu ölkədə anbarlarda maye qaza çevrilərək saxlanıla da biləcək.

 

Qeyd edək ki, ötən gün Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın baş naziri Boyko Borisov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak ediblər.

X

XƏBƏRLƏR
BÖYÜT