Uşaq bağçası, yoxsa həbs düşərgəsi? - MÜZAKİRƏ
14:49 – 13 İyun, 2018

Bu yaxınlarda özəl bağçalardan birində tərbiyəçi tərəfindən uşağa qarşı göstərilən şiddət sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu.  Əslində uşaqlara qarşı davranış necə olmalıdır? Özəl uşaq bağçaları tələb edilən bağça standartlarına cavab verirmi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

 

Hüquqşünas Günel Səfərova deyib ki, tərbiyəçinin uşağı döyməsi cinayət tərkibli əməldir və buna görə cinayət məsuliyyəti tələb olunur. G.Səfərova hesab edir ki, dövlət uşaq bağçalarının fəaliyyəti gücləndirilməlidir. "Baş vermiş bu məsələ president oldu ki, başqa özəl bağçalara da nümunə olsun" - G.Səfərova belə deyib.   

 

Psixoloq Gülnar Orucova özəl bağçalarda mövcud olan bəzi nöqsanlardan danışıb: "Tutaq ki, bəzi özəl bağçalar binaların altında yerləşir. Nəzərə alsaq ki, uşaqlar təmiz havada olmalıdır. Onların istirahəti doğru-düzgün şəkildə təşkil olunmur". G.Orucova deyib ki, hər yaş dövrünün öz xüsusiyyətləri var: "İki-üç yaşlı uşaq artıq uşağın məni dövrüdür. Uşaq pis hərəkət edəndə bizim reaksiyamız ondan daha üstündür. Uşağa əl-qaldırmaq, divardan divara çırpmaq tərbiyə üsulu deyil".

 

Təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ali təhsilli olmalıdır: "Çalışan tərbiyəçilərin 80%-nin ali təhsili yoxdur. Problem ondadır ki, biz məktəbəqədər təhsili təhsilin bir pilləsi kimi görmürük". K.Əsədovun sözlərinə görə Azərbaycanda özəl bağçaların vahid tədris metodu yoxdur: "İnternetdən hansı metodu götürdü, onu da tətbiq edir". 

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT