Baş pediatr: "5 yaşa qədər olan uşaqlara dondurma verməyin!"
17:46 – 13 İyun, 2018

"Azərbaycanda bu gün birinci yerdə körpələr və uşaqlar arasında ağır problemlər yaradan və ölümlə nəticələnən xəstəliklər sırasında tənəffüs sisteminin xəstəlikləri öncüllük təşkil edir. Bu, tənəffüs sisteminin xarici mühitlə sıx təmasda olması ilə bağlıdır".

 

Bu fikirləri APA TV-yə açıqlamasında Azərbaycanın baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev deyib.

 

"Dünyada da bu statistika belədir. Ölkəmizdə ikinci yerdə əvvəllər yoluxucu xəstəliklər dururdu. İndi rəqəmlər də dəyişib, statistika da. Çünki yoluxucu xəstəliklərin qarşısının alınması üçün çoxsaylı tədbirlər aparılıb. Son 10 ildə Azərbaycanda heç bir uşaq xəstəliyinin epidemiyası müşahidə olunmayıb. Nə qızılca, nə polimelid, ne difteriya və s. Bunların hamısı yox dərəcəsindədir, yəni görünmür. Bu gün Azərbaycanda tələf olan uşaqların dörddə üçündən çoxu yeni doğulma dövründə baş verən hadisələrdir" - deyə o qeyd edib.

 

Nəsib Quliyevin sözlərinə görə, hazırda ölkədə yoluxucu infeksion və digər bakterial mənşəli xəstəliklərin geniş yayılması faktı da yoxdur. 

 

Baş pediatr valideynləri xüsüsilə yay aylarında daha diqqətli olmağa çağırıb. 5 yaşa qədər olan uşaqlara dondurma verməyin məsləhət görülmədiyini deyən Nəsib Quliyev qeyd edib ki, dondurmaya müxtəlif yağlar və aromatizatorlar əlavə edildiyindən, uşaqlarda hətta zəhərlənməyə səbəb ola bilər. Ona görə də valideynlərə övladlarına dondurma alarkən onların yaşlarını unutmamaları tövsiyə edilir.

 

Mütəxəssis son illər Azərbaycanda körpə və uşaq ölümlərinin artması ilə bağlı deyilənlərə də aydınlıq gətirib və əlavə edib ki, uşaq və körpə çölümü göstəricisi konkret faktlarla bağlı deyil: "Azərbaycanda 1992-93-cü illərin statistikası ilə hazırkı dövrü müqayisə etdikdə, görürük ki, körpə ölümü 3 dəfə azalıb. Əgər o illərdə uşaq ölümünün statistikası  30 promilliyə bərabər idisə, artıq bu, 11-12 promilliyə bərabərdir. Bu azalma prosesi davam edir. Bundan başqa, ölkədə 2015-ci ildən diridoğulmanın meyarlarına keçirilib. Yeni meyarlar isə o deməkdir ki, əvvəllər ölü doğulmuş, gecikmiş, düşük adlanan döl indi 22 həftədən sonra diri doğulmuş uşaq kimi qəbul olunur. Bu da ölüm göstəricilərinə təsir göstərir".

 

Baş pediatr bildirib ki, uşaqların xəstələnməməsi üçün qidalanma ən vacib faktorlardan biridir. Çünki uşaqlar tam keyfiyyətli qida ilə qidalandırılmadıqda çoxsaylı problemlər ortaya çıxır.

X

XƏBƏRLƏR
BÖYÜT