Ramazan tətili: bölgələrə axın başladı - REPORTAJ
17:59 – 13 İyun, 2018

Artıq Ramazan ayının son günlərini yaşayırıq. İyun ayının 15-də müqəddəs Ramazan bayramı qeyd olunacaq.


APA TV-nin məlumatına görə, həmin müddət ərzində bir çox insan regionlara üz tutur ki, bu da öz növbəsində sərnişin sıxlığı yaradır.

 

Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyir ki, məhz bunu nəzərə alaraq, avtovağzalın iş qrafikində dəyişiklik edilib. Belə ki, iyunun 13-dən 20-nə qədər Avtovağzal kompleksi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: "Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq, kompleksin ahəngdar fəaliyyətini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, hazırda gün ərzində 300-340 nəqliyyat vasitəsi ilə təxminən 7-8 min sərnişin daşınırdısa, bayram ərəfəsində və bayram günlərində 600-dən yuxarı nəqliyyat  vasitəsi ilə təxminən 16 mindən çox sərnişinin daşınması nəzərdə tutulub. Kənardan cəlb olunmuş nəqliyyat vasitələrinin fəaliyyətinə nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya təşkil olunub. Sərnişinlərin əlavə sual və təklifləri yaranarsa, avtovağzalın şəhər telefonlarına 406-01-58, 406-01-59 nömrələrinə müraciət etmək olar".

 

Qurum nümayəndəsi bayram ərəfəsində bölgələrə səfər edəcək sərnişinlərə tövsiyə edib ki, biletləri bir neçə gün öncədən əldə etsinlər. Biletləri əvvəlcədən avtovağzalın satış kassalarından, eləcə də internet vasitəsilə onlayn əldə edə bilərlər.

 

Sərnişinlərin çoxu isə bayram günlərində sıxlıqla qarşılaşacağından ehtiyat edərək, bu gündən regionlara üz tutur: "İsmayıllıya gedirik, tələbəyik, bayram vaxtı tətildir. Çox sıxlıq olduğuna görə biz də fürsətdən istifadə edib, qabaqcadan gedirik. Qiymətlərdə heç bir dəyişiklik yoxdur".

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) də sabahdan gücləndirilmiş iş rejiminə keçəcək. Qurumun  mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, bunun üçün lazımi tədbirlər görülüb: "Qatarlarda soyutma sistemi saz vəziyyətə gətirilib. Mühafizə sistemi də nəzarəti gücləndirib. Ramazan bayramı ərəfəsində ölkə daxilində və ölkə xaricinə hərəkət edən bütün qatarlara əsasən qərb istiqamətinə və Tiflisə gedən qatarlara əlavə 15 vaqon qoşulacaq. Kassalarda isə sərnişin sıxlığı, insanların çoxluğu birinci gündən etibarən artıq müşahidə olunur. Biletlərimiz hər bir istiqamətə var. Bilet tapmayanlar gedəcəkləri istiqamətə məlumat mərkəzimizdən məlumat əldə etsin. Əlavə vaqon nə vaxt qoşulacaqsa, onda yaxınlaşıb kassalardan bileti əldə edə bilərlər".

 

Gücləndirilmiş iş rejimi ayın 19-na qədər davam edəcək.

X

XƏBƏRLƏR
BÖYÜT