Neft FES-in qərarına reaksiya vermədi - "QARA QIZIL" BAHALAŞIR
11:05 – 14 İyun, 2018

Gözləntilərin əksinə olaraq, neftin qiyməti Federal Ehtiyat Sisteminin (FES) dolların faiz dərəcəsini qaldırması qərarına reaksiya verməyib.


APA TV-nin məlumatına görə, axşam saatlarında qərar açıqlandıqdan sonra neftin ucuzlaşacağı gözlənilsə də əksinə olub - "Brent" nefti 12 sent bahalaşıb. Dolların güclənməsi həmişə nefti ucuzlaşdırır, FES-in qərarından sonra bunun baş verməməsi bazarda neftə tələbatın bütün digər amillərdən daha güclü olduğunu sübut edir.

 

Neftin bahalaşması ABŞ prezidenti Donald Trampı da qəzəbləndirib. Öz "Twitter" səhifəsində OPEC-i sərt tənqid edən Tramp bildirib ki, qiymətlərin yüksək olmasına görə əsas günahkar karteldir: "Neftin qiyməti çox bahadır, OPEK yenə öz havasındadır. Bu, heç yaxşı deyil".

 

Xatırladaq ki, aprelin ortalarında D. Tramp analoji status yazmış, ABŞ prezidentinin fikirləri neftin qısa müddətli ucuzlaşmasına səbəb olmuşdu. Dünənki statusdan sonra Qərbi Texas neftinin qiymətində 0,5 faiz ucuzlaşma qeydə alınıb, "Brent" markası isə əksinə 0,2 faiz bahalaşıb.

 

Xatırladaq ki, gələn həftə OPEC quruma üzv olmayan neft ölkələri ilə birgə toplantı keçirəcək. Bu toplantının neftin qiymətlərinin daha da bahalaşmasında əhəmiyyətli rol oynayacağı gözlənilir.

 

Ötən həftə Qərb mətbuatı Tramp administrasiyasının OPEC-dən hasilatı artırmağı xahiş etdiyini yazıb. Administrasiya hesab edir ki, İrana qarşı sanksiyaların tətbiqi səbəbindən bu ölkədə hasilatın aşağı enməsi qiymətləri bahalaşdırır və buna yol verməmək üçün OPEC hasilat kvotasını artırmalıdır. Lakin ötən həftə OPEC prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft naziri Süheyl əl-Mazrui bu xəbəri təkzib edib.

 

Hazırda birjalarda "Brent" neftinin bir bareli 76,50 dollardan satılır, Qərbi Texas markası isə 66,58 dollara təklif olunur.

 

Qiymətlərin FES qərarına təsir göstərməməsində ABŞ-ın strateji neft ehtiyatlarının həcminə dair rəsmi hesabatın açıqlanması da təsir edib. Ötən həftə ölkədə neft ehtiyatlarının həcmi 4,13 milyon barel, benzin ehtiyatlarının həcmi isə 2,27 milyon barel azalıb. Bu azalma bazarda neftə tələbatın artacağını göstərir.

 

X

XƏBƏRLƏR
BÖYÜT