Kimlər fitrə çıxara bilməz? - ŞƏRİƏT HÖKMÜ
11:48 – 14 İyun, 2018

Orucluq ayının son gününü yaşayırıq. İslam dinində müqəddəs günlərdən, bayramlardan biri də Fitr bayramıdır. Fitr bayramı mübarək Ramazan ayının bitməsini bildirən bayramdır.

 

Fitrə zəkatını ümumilikdə kimlər çıxarmalıdır? QMİ-nin fətva şöbəsinin mütəxəssisi Hacı Ağaseyid Yaqub APA TV-yə açıqlamasında fitrə zəkatının şərtlərini açıqlayıb: "Fitrə zəkatı ailədə kiçikdən-böyüyə qədər hər bir adam üçün QMİ-nin verdiyi fətvaya əsasən 5 manatdan 10 manatadək civarında pul məbləğində çıxardılır. Şəriətdə bu, keçmişdə müəyyən qida məmulatları ilə nəzərdə tutulmuşdu. Bura buğdadan tutmuş xurmaya qədər bir neçə mərhələ nəzərdə tutulur. Bu məbləğ daha yuxarı da hesablana bilər. Əgər bir insan 10 manat yox, daha böyük imkana malikdirsə və daha çox fitrə zəkatı çıxarmaq istəyirsə, bu müsəlman daha çox məbləğ ayıra bilər. Fitrə çıxaran ailə başçısı və yaxud evə çörək gətirən şəxs olur".

 

Bundan başqa, hər hansı bir insanı dolandıran, ona çörək verən insan da fitrə çıxa bilər:

"Elə insanlar var ki, öz zəhməti və qazancı ilə onların xərcini çəkir, yemək-içməyini təmin edə bilir. İl ərzində həmin insanların fitrəsini də çıxarmalıdır həmin imkanlı şəxslər. Əgər evdə qonaq varsa, həmin qonağın da fitrəsini məhz ev sahibi çıxarmalıdır. Fitrə zəkatı iyunun 14-dən 15-nə keçən gecə, bayram axşamı çıxarılmalıdır. İftar vaxtından sonra artıq fitrə zəkatı çıxarılır. Bayram namazına qədər artıq onun kimə verilməsi müəyyənləşməlidir".

 

İlahiyyatçının sözlərinə görə, illik xərclərə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək qazancı olmayan bir şəxs fəqirdir və həmin şəxsin fitrə zəkatını verməsi vacib deyil: "Elə insanlar var ki, onların illik xərcləri çox azdır. Onlar bir nəfərin fitrə zəkatını çıxara bilirlər, onda ailədə bir nəfərin fitrə zəkatını çıxarıb bir neçə nəfərə onu ötürməklə hər kəsin payı olsun deyə çıxara bilərlər".

 

Mübarək Ramazan bayramı günündə valideynləri, kimsəsizləri axtarmaq, dünyasını dəyişənləri və şəhidləri yad etmək də savab əməllərdən hesab edilir. Qısası, o günü Allahın buyurduğu hər hansı gözəl əməlləri icra etmək insana savab gətirər.

 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya əsasən, Azərbaycanda Ramazan bayramı iyunun 15-də qeyd ediləcək.

X

XƏBƏRLƏR
BÖYÜT