İyunun 17-dən hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ
13:56 – 14 İyun, 2018

Bakı və Abşeron yarımadasında iyunun 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 25-30 dərəcə, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində iyunun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyunun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 29-34 dərəcə, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da edib. Bildirilir ki, Bakıda və Abşeron yarımadasında iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında iyunun 16-sı axşam bəzi şimal və qərb rayonlarında, 17-si gündüzdən 19-u gündüzədək isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 3-5 dərəcə enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

X

XƏBƏRLƏR
BÖYÜT