Masallıda baramaçıların məhsulunu qapılarından alırlar - KÜMÇÜLƏR RAZIDIR
14:43 – 14 İyun, 2018

Masallıda kümçülər barama tədarükünə başlayıb.

APA TV-nin cənub bürosunun məlumatına görə, bu il məhsuldarlıq ötən ilə nisbətən yüksəkdir.

Bir müddətdir ipək qurdlarına qulluq göstərən kümçülər artıq məhsulu toplamağa başlayıb. Kümçü Nazim Şahbazov deyir ki, plandan artıq məhsul götürən istehsalçıların satış problemləri yoxdur: "İki qutu götürmüşdüm. 1,5 ay idi məşğul olurdum. 50 kq-a qədər birinci hissə məhsul götürmüşəm".

 

Kümçü Bəhruz Musayev bu il 120 kq məhsul əldə edib: "Keçən il bir qutu götürmüşdüm. Bu il isə 12 qutu barama qurdu götürmüşəm. Hazırda Məhsuldarlıq yaxşıdır. Bu il yüksək məhsuldarlıq gözlənilir".

 

İpək qurdunu lazımi qədər tut yarpağı ilə təmin edən kümçülər keyfiyyətli barama məhsulu əldə etmək üçün təcrübəli mütəxəssislərin məsləhətlərindən yararlanıb. Qurdlara lazımı qulluq göstərən istehsalçılar təhvil verdikləri baramanın hər kiloqramına görə  isə  9 manat vəsait alacaqlar. Masallı Rayon KTİ-nin rəis müavini Eldəniz Musalının sözlərinə görə, yetişdirilən barama  yerindəcə "Şəki İpək" Açıq Səhmdar Cəmiyyətinin ASC) nümayəndələrinə təhvil verilir: "Yaş barama qəbuluna başlamışıq. Nəzərdə tutmuşuq ki, 500 kq-dan çox yaş barama təhvil verək. Qaxdan 78 qutu barama qurdu götürərək 33 kümçü ailəsinə verilmişdir. 78 qutuya biz 3 tona yaxın məhsulun verilməsini planlaşdırırıq".

 

"Şəki İpək" ASC-nin nümayəndəsi Nazim Nəsibov gətirilən baramanın keyfiyyətindən  razı olduqlarını vurğulayıb: "Burda 11 kümçü barama gətiriblər. Gətirilən baramanın keyfiyyəti də çox yüksəkdir. Bunun 4 manatını "Şəki İpək" ASC-i, 5 manatını isə subsidiya şəkilində məhsul tam təhvil verildikdən sonra KTN-i tərəfindən kümçülərə ödəniləcək".

 

Bu il bol məhsul əldə etməyi planlaşdıran Masallı kümçüləri, növbəti il daha çox barama əldə etmək üçün 100 qutudan artıq barama qurdlarının bəslənməsini nəzərdə tutub.

 

X

XƏBƏRLƏR
BÖYÜT