Bakı məktəblərində "Son zəng" - REPORTAJ
17:37 – 14 İyun, 2018

"Əziz dostum Leyla! Səni məzun olmağın münasibətilə təbrik edirəm. Bir ömür boyu yaşayacağın xoşbəxtlik arzu edirəm". Bu sözləri 2 il əvvəl mənə bir partanı bölüşdüyüm sinif yoldaşım yazmışdı. Üstündən neçə il keçirsə-keçsin, məktəb illərini, sinif yoldaşlarını unutmaq mümkün deyil. Elə bu gün də paytaxtın bütün məktəblərində 11-cilər üçün "Son zəng" həyəcanı yaşanır. Artıq onlar 11 illik məktəb illərindən ayrılaraq, müstəqil, yeni və məsuliyyətli həyata qədəm qoyurlar".

 

Son zəng sevinclə kədərin qovuşduğu gündür. 11-cilər ürəklərində böyük arzularla şagirdlik mərhələsindən həyatın növbəti mərhələsinə adlayırlar. Bu gün onların bir-birinə arzuları bitib-tükənməzdir: "Bütün məzunları təbrik edirəm. Bir az kədərli gündür. Ali məktəbə daxil olan uşaqları da təbrik edirəm. Həyatın bundan sonrakı mərhələlərində böyük uğurlar arzu edirəm. Həm həyəcanlanırıq, həm yeni həyata addım atırıq. Məktəbi bitiririk, hamıya uğurlar arzu edirəm. Təki Allah əziyyətimizi hədər eləməsin. Hamımız tələbə adı qazanaq".

 

Elə bu günün səbəbkarları kimi valideynləri də eyni həyəcanı bölüşürdü: "Bu gün həm də birincilərin "son zəngidir". Onlar da öz növbəsində müxtəlif şeirlərlə 11-ciləri təbrik ediblər".

 

"Son zəng" günü müəllimlərin xeyir-duasını da eşitmək mütləqdir. Axı onlar 11 il şagirdlərin bütün əziyyətini çəkib, onlara həyatda vacib olan ilkin vərdiş və bilikləri aşılayıblar. Bu gün bütün müəllimlərin şagirdlərə yalnız bir arzusu var idi - ali məktəbə qəbul olub, tələbə statusu qazansınlar: "Gələcək həyatlarında uğurlar arzulayıram. Qoy valideynləri baxıb sevinsinlər". Bütün 11-ciləri təbrik edirəm. səsləri yüksəklərdən, ali məktəblərdən gəlsin".

 

Qeyd edək ki, bu il Bakı məktəblərini təxminən 26 min nəfərdən çox 11-ci sinif şagirdi, 27 min nəfərdən artıq 9-cu sinif şagirdi bitirir. Biz də öz növbəmizdə bütün məzunları təbrik edir, onlara yeni həyat yollarında uğurlar arzulayırıq.

X

XƏBƏRLƏR
BÖYÜT