Başgicəlləndirici tryuklar, qaçış, maneələri dəf etmə, suya tullanma - "MÜBARİZLƏR" ŞOUSU
16:25 – 18 İyun, 2018

Bakıda, Fövqəladə Hallar Nazirliyinin  Təlim-Tədris Mərkəzində ikinci dəfə maneəli ekstremal “Mübarizlər” yarışı keçirilib.

  

- Biz bu yarışa 20 iştirakçı ilə  qatılmışıq. Urben Limıted şirkəti adından. Ümidlərimiz böyükdür. Düşünürük ki, yaxşı nəticə verərik. Hazırlaşmışıq. Ən çox qaçış yarışları üçün hazırlaşmışıq. Keçən il birinci dəfə olduğu üçün təcrübə böyük rol oynadı, bu il daha yaxşı olar.

 

- Biz özümüzü hazır hiss edirik. Gücümüzə inanırıq. Qalib olmağa çalışacağıq. Biz iki komanda ilə qatılırıq, birlikdə 20 nəfərik.

 

- Keçən il də bu yarışa qatılmışdıq, keçən il ikinci yerə çıxmışdıq. O zaman hədəfimiz bir olsa da, maneələrdə biz çox vaxt itirdik. Onlar bizi vaxt baxımından qabaqlamış oldu. Lakin bizim hədəfimiz birinci yerdir.

 

Daha sonra yarışın açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən "Mübarizlər" layihəsinin rəhbəri Elvin İsmayılov bildirib ki, yarışda iştirak üçün 680 nəfər qeydiyyatdan keçib.  Onun sözlərinə görə, qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanacaqlar. Bundan sonra ən yüksək nəticə göstərən 20 iştirakçı realiti-şouda iştirak edəcəklər.

 

"Biz düşündük ki, yarışa qatılmaq istəyən çox insan var, amma vaxtları olmadığına görə çatdırıb gələ bilmirlər. Biz onları da nəzərə alaraq üç mərhələdən ibarət yarış keçirilməsini qərara aldıq. İlin sonunda super final olacaq. O layihələrdə də böyük nəticə göstərmiş idmançılar  super finala vəsiqə qazanacaqlar. Orada qalib olan insanlar, ilin sonuna planlaşdırdığımız "Mübarizlər" realiti şousunda iştirak edəcəklər. Mükafat fondu bu yarışlarda mərhələli olaraq 15000 manat olaraq nəzərdə tutulub. Amma super finalda mükafat 50 min manat nəzərdə tutulub. Azərbaycan qüdrətli idman ölkəsidir,  təşkilati dəstəyə görə FHN, Gənclər və İdman Nazirliyi,   Milli Olimpiya Komitəsi və “Gilan Holding”ə təşəkkürümüzü bildiririk.

 

Daha sonra yarışa start verilib.  Mübarizəyə ilk olaraq fərdi şəkildə yarışan iştirakçılar qoşulub.

 

Daha sonra isə komanda şəklində yarışan iştirakçılar  mərhələli şəkildə start xəttinə yaxınlaşıblar.

 

Komanda iştirakçıları 5 kilometr uzunluğu olan trası, çempionat iştirakçıları isə 7 kilometrlik və 42 maneədən ibarət marşrutu fəth etməli olublar. Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunur.

 

"İştirakçılar bir neçə maneələri keçdilər, hazırda isə ən çətin maneə uğrunda mübarizə aparırlar".

 

- Vəziyyət əladır. Yorulmamışıq. Çox gözəldir, adrenalin yaşayırıq.

 

- Bir az çətin oldu, amma öhdəsindən gəlirik.

 

Kişilərin fərdi yarışında finiş xəttinə  ilk olaraq Sergey Silin, ikinci İvan Degtaryov, üçüncü  isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Cəlal Süleymanov çatıb.

 

Sergey Silin yarışda çıxışını belə dəyərləndirib: "Mən indi sürət və çətinliyə qarşı mübarizə apardım. Bu ruhumun 125 faiz işləməsinə gətirib çıxarır".

 

Cəlal Süleymanov isə sonadək mübarizə aparmaq əzmində olduğunu deyir: "Çətin deyildi. Hər şey əladır".

 

Fərdi yarışda geridə qalan iştirakçılar isə ruhdan düşmədiklərini, bu yarışların onlar üçün sınaq olduğunu dilə gətiriblər: "Mən fərdi olaraq yarışdım, bura qatılmazdan öncə bir məqsəd qarşıma qoymuşdum. 2019-da Azərbaycanı "Survivor"da təmsil etmək istəyirdim. Dedim ki, özümə bir şans verim, bura qatılsam, burda həmin parkurlardan keçə bilsəm, ora müraciət edəcəyəm. Burada yarıda buraxsam, bu qırmızı lenti kəssələr, o zaman dayanacağam. Sona qədər bu mübarizəni apardım. Mübarizlərə eşq olsun".

 

Qadınların fərdi yarışında birinci yerin sahibi Anna İvanova olub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Anastasiya Mixina və Natalya Molodsova qərarlaşıblar.

 

Komandaların yarışında isə ilk yer uğrunda çübarizədə “TT Fayt” komandası ilə Dövlət Təhlükəsizliyi Xidmətinin "Qartal” komandası arasında mübahisəli anlar yaşanıb.

 

"Bir az mübahisə var. Son qərarı hakimlər verəcək. İnanıram ki, qələbə "Qartal"ındır. Yaralanmışam, həkim məni yarışdan saxladı, mən isə davam elədim.

 

Hakimlərin  qərarından sonra birinci yeri “TT Fayt” komandası, ikinci yeri Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” komandası, üçüncü yeri isə “Tağım 4” komandası tutub.  Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Superfinala vəsiqə qazanıblar.

 

 “TT Fayt” komandasının üzvləri qələbəni belə şərh edirlər: "İdmanda belə bir qanun var güclü hər zaman qalib gəlir. Demək güclüyük ki,  qalib gəlirik. Qalibiyyəti də sözlə ifadə etmək olmur, onu yaşamaq lazımdır. 10 nəfər iştirakçı ilə yarışa qatılmışıq. Son 1 ay ərzində ancaq bu yarışa hazırlaşmışıq. Bunun nəticəsini də gördük".

 

Yarışı izləməyə gələnlər isə zövq aldıqlarını bildiriblər.

 

- Yarış çox yüksək səviyyədə təşkil olunub. Bütün komandalara fərdi qatılan iştirakçıların hər birinə uğurlar arzu edirəm.

 

- Yarışı maraqla izləyirik, həm zövq alırıq, həm də dincəlirik.

 

Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Qaliblərə diplom və pul mükafatları təqdim olunub.

X

XƏBƏRLƏR
BÖYÜT