Zakir Həsənov: “Laçına gedən yola artıq ordumuz nəzarət edir” - TAM VERSİYA
17:28 – 20 İyun, 2018

"Düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır. Lakin onlar bunda da bizə uduzurlar".

 

APA TV-nin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

 

"Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sərkisyan hakimiyyətini bitirdi.

 

Bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq yaratmağa çalışır. Hörmətli media nümayəndələri belə provokasiyalara getməməlidir.

 

Mətbuat işçilərindən xahişim odur ki, diqqətli olsunlar. KİV böyük qüvvədir. Bu böyük qüvvə də düşmənlə mübarizəyə, vətənin müdafiəsinə qoşulmalıdır", - deyə nazir vurğulayıb.

 

Naxçıvanda çox uğurlu əməliyyat keçirildiyini bildirən nazir qeyd edib ki, neytral torpaq anlayışı yoxdur: "Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.

 

Nazir qeyd edib ki, bütün döyüş maşınları yenilənib: "Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb. Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək".

 

Z.Həsənov qeyd edib ki, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: "Bu gün biz ən müasir raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək".

 

Nazir əlavə edib ki, Azərbaycan Ordusu bir ayda 500 tondan çox ətdən istifadə edir. "Dövlət ordunun bütün tələbatını ödəyir. Bu gün əsgərlərimizə gündə 3 dəfə milli yemək verilir. Onlar ən yüksək keyfiyyətli qidalarla qidalanırlar. Dövlətimiz hərbçilərin rahatlığı üçün hər şeyi edir. Hətta əsgərlərin yeməyini də mülki işçilər bişirir. Bütün bunlar döyüş hazırlığına yönəlib. Biz istəyirik ki, əsgərlərimiz yalnız döyüş hazırlığına önəm versinlər. Bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır".

X

XƏBƏRLƏR
BÖYÜT