Kazanda kim qazanacaq: İran, yoxsa İspaniya? - TATARISTANDAN REPORTAJ
18:54 – 20 İyun, 2018

Moskvadan Kazan şəhərinə gedən qatardayıq. Futbol üzrə dünya çempionatında İspaniya və İran komandalarının qarşılaşmasını izləməyə gedirik. Qatar ispan və iranlı azarkeşlərlə doludur. Azarkeşlərin danışığına qulaq assaq, ispanların daha çılğın olduğunu görərik. İranlı azarkeşlər isə ispanlarla müqayisədə nisbətən sakitdirlər. Qatar təxminən 11 saatdan sonra Kazan şəhərinə çatacaq.

 

Əlirza İranın İspaniyanı 1:0 hesabla məğlub edəcəyinə əmin olduğunu söyləyir: "İnşallah, İran qalib gələcək. Artıq bir neçə gündür ki, İrandan Rusiyaya gəlmişik. İlk oyunda millimiz qələbə qazandı. Ümid edirik ki, yenə komandamız qələbə qazanacaq"


Tatarıstanın paytaxtı Kazan şəhərindəyik. Volqa çayının sol sahilində yerləşən min illik tarixə malik bu şəhər Rusiyanın ən iri iqtisadi, siyasi, mədəni, elmi və idman şəhərlərindən biri sayılır. Rusiyanın "üçüncü paytaxtı" brendi kimi qeydə alınan Kazan şəhəri dünya tatarlarının qeyri-rəsmi paytaxtı da hesab olunur".

 

2005-ci ildə 1000 illiyini qeyd edən Kazan şəhəri Rusiyanın ən qədim şəhərlərindən biri hesab olunur. 1 milyon 300 minə yaxın əhalisi olan bu şəhər tarixi abidələrlə zəngindir. Səyahət saytı olan "Tripadvisor"in reytinqinə görə, Kazan 2014-cü ildə turizmi inkişaf etdirən şəhər kimi dünyada 8-ci, Avropada isə üçüncü yeri tutub.

 

Kazanın mundialın keçiriləcəyi şəhər kimi seçilməsi də təsadüfi deyil. Şəhərin küçələrində dünya çempionatını izləməyə gələn turistlərə addımbaşı rast gəlmək olar. Bu baxımdan Kazan Kremli futbol turistlərinin ən çox axın etdiyi məkandır. Xüsusilə də Kazan Kremlində yerləşən "Qol-şərif" məscidi müsəlman turistlərin böyük marağına səbəb olur.

 

Bu gün Kazan İran və İspaniya yığmalarının oyununa ev sahibliyi edəcək. İranlı və ispan turistlər əllərində milli bayraqları ilə komandalarını dəstəkləmək üçün Kazan şəhərinə gəlib. "Qol-şərif" məscidində müsəlman iranlılarla yanaşı katolik ispanlara da rast gəlmək olar.
 

Müsəlman iranlılar məscidin həyətində futbol oynamaqla ispanlara dərs vermək fikrində olduqlarını göstərmək istəyirlər. İspanlar isə futbolu məscidin həyətində deyil, stadionda oynayacaqlarını bildirirdilər: "İlk oyunda portuqallarla bərabərə qaldıq. Bu oyunu isə mütləq udacağıq. Biz dünya çempionu olmuş komandayıq. İran elə də güclü rəqib deyil. İnanırıq ki, mütləq qələbə qazanacağıq. Hesab isə 3:1 İspaniyanın xeyrinə olacaq".

 

Futbol üzrə dünya çempionatının oyunlarından altısına Kazan şəhəri ev sahibliyi edir. Fransa və Avstraliya milli komandaları arasındakı oyun bu şəhərdə keçirilib. Bu gün isə bu möhtəşəm şəhər İspaniya və İran milli komandalarının oyunlarına ev sahibliyi edəcək.

X

XƏBƏRLƏR
BÖYÜT