Oxucuların sevdiyi, küsdüyü və acıqlandığı Lent.az - YUBİLEY REPORTAJI
15:55 – 25 İyun, 2018

10 yaş! Ömrün ən kövrək, ən maraqlı, ən sevilən əzizlənmə dövrü! İlk addımlar, ilk söz, ilk tanışıq və s. Onlar da düz 10 ildir yol gəlirlər. Enişli-yoxuşlu yol!

 

Azərbaycan media məkanında özünəməxsus yeri olan, ölkənin ilk anadilli xəbər portalı olan Lent.az İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 10 il ötür.

 

2008-ci ilin 25 iyununda internet istifadəçilərinin görüşünə gələn Lent.az 10 il ərzində oxucuların həm etibarlı informasiya mənbəyinə, həm də sevimli dostuna çevrilə bilib.

 

Lent.az-ın baş direktoru Qabil Abbasoğlu hesab edir ki, hazırkı şəraitdə əsas hədəfləri oxucu sayını saxlamaq deyil, oxucu sayını artırmaqdır. Çünki Azərbaycanda internet istifadəçilərinin sayının artması və hətta internetin keyfiyyətinin yüksəlməsi belə portalın fəaliyyətinə təsir edən amillərdir.

 

Maraqlı layihələri, eksklüziv xəbərləri və yenilikləri ilə ətrafına geniş oxucu kütləsi toplaya bilən Lent.az hazırda Azərbaycan dilli internet media resursları arasında liderdir. Bu nailiyyət isə təbii ki, yorulmaz fəaliyyətin, tərəfsizliyin və oxucu zövqünə xidmətin nəticəsidir: "Uğunun sirri vicdanlı olmaq və doğru bildiyini etmək, yorulmamaq, prinsipiallıq da əsas şərtlərdəndir. Mən həmişə öz kollektivimizlə danışanda da, digər gənc jurnalistlərlə görüşəndə də deyirəm ki, bu məsələlərdə əsas məsələ jurnalistin iddiası, hikkəsi və inadıdır. Jurnalistdə hədəf olmayanda, inad olmayanda, hədəfə doğru irəliləmək olmayanda nəticə gözlənilən səviyyədə olmur. Yəni "xəbəri mən birinci verim" hədəfi olmayanda alınmır". 

 

"İnternet medianın yaranması Lent.az-ın yaranma tarixi ilə üst-üstə düşür" - deyən Qabil müəllimin sözlərinə görə, ötən illər ərzində format, həm də ideya olaraq yeni bir media quruluşunu səhnəyə çıxarmaq, tanıtmaq, etimad qazandırmaq, sevdirmək məhz bu kollektivin əməyi sayəsində mümkün olub: "Oxucuların münasibətindən, Lent.az-ın yubileylərində və əlamətdar tarixlərindən, planlaşdırılmış və yaxud planlı olmayan oxucularla görüşlərdən də bəlli olur ki, bizə daha ciddi yanaşırlar. Bizdən bayağı, keçici xəbər üstünlükləri gözləmirlər. Hətta bəzən acıqları tutur, inciyirlər bizdən hansısa yüngül janra və yaxud xəbər üstünlük verəndə. İnciyirlər ki, bu, Lent.az-ın tərzi deyil".

 

Nə az, nə çox - 3650 gün oxucuların görüşünə gələn bu xəbər portalının uğurlarının yarısı elə oxucularındır. Bir sözlə, işin ideya müəllifindən tutmuş, ən sonuncu işə qəbul olunan əməkdaşa qədər hər kəsin Lent.az-a verdiyi könül və zəhmət payı da unudulmur: "Əlbəttə ki, Lent.az-da imzası gedən hər bir kəsin imzasına hörmət edirəm, hamısı dəyərlidir. Məsələ imzalardan daha çox Lent.az-ın özündədir. Yəni qayda və tərz belə müəyyənləşib. Mövzu, söz, yanaşma, tərz hamısı Lent.az-ındır. İşləyənlər daha peşəkar müəllif olanda təbii ki, çox gözəldir, nəticələrimiz var. Adları çəkmək istəmirəm, çünki kimisə unutsan, inciyə bilər, amma hamısı dəyərlidir mənim üçün. Oxucularımızla bərabər, Lent.az adını qəlbində, könlündə, gözündə, barmağının ucunda gəzdirən hər kəsi təbrik edirəm. Bizim üçün bayramdır, o üzdən mən də bayramınızı təbrik edirəm".

 

Agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir. Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır. Qarşıda isə daha böyük işlər, daha geniş planlar dayanır: "Kollektivimiz gəncləşir. Bu, mənim üçün çox təhlükəlidir. Çünki ən yaşlısı mənəm. Yanaşma və baxış tərzi dəyişir. Ətrafda da deyirlər, özüm də çox sevinirəm. Yeni meylləri çalışırıq ki, nəzərə alaq. Köhnəlmiş adam kimi yeniliyə müqavimət hissi yoxdur məndə. Bunu müsbət qiymətləndirirəm. Çalışırıq ki, gənclərin sayı daha çox olsun. Maddi imkanlarımız yol versə, kollektivi gənclərin hesabına daha da genişləndirmək, yeni layihələrə yer ayırmaq fikrimiz var. Yəqin ki, zamanla bunu da edəcəyik".

 

Lent.az-ın yaradıcılarını, oxucularını, dostlarını və hətta rəqiblərini də təbrik edirik. Hər il bir addım irəli!

X

XƏBƏRLƏR
BÖYÜT