Cənubi Qafqazın ən böyük milli parkından REPORTAJ
16:15 – 25 İyun, 2018

Dağ havası, çay kənarı, quşların səsi... APA TV-nin məlumatına görə, şəhərin səs-küyündən uzaq olmaq istəyərkən bir anlıq təsəvvürümüzdə məhz belə mənzərə canlanır. Çünki istirahət üçün ən ideal məkan təbiət qoynudur.

 

Azərbaycanın zəngin təbiəti olduğundan, seçim də çoxdur. Ölkəmizdə dağlıq, meşəlik  ərazilər kifayət qədərdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təbiətimiz evimizdir” layihəsi çərçivəsində milli parklarımıza təşkil etdiyi növbəti media-turda səfərimiz Şahdağ Milli Parkına oldu.

 

Cənubi Qafqazın ən böyük milli parkı 6 inzibati rayonun - Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxının ərazisini əhatə edir. Milli Parka giriş haqqı 2 manatdır. Ərazisinin kifayət qədər böyük olması turistlər üçün geniş imkanlar açır. Belə ki, milli parkda 49 marşrut üzrə hərəkət etmək olar. Ekoturizm mərkəzində bu marşrutlar barədə ətraflı məlumat almaq olar.

 

Şahdağ Milli Parkında müəyyən marşrutlar üzrə hərəkət edərkən gündüz saatlarında bəzi heyvanları görə bilərsiniz. Burada quşlardan qırqovul, qaratoyuq, sarıköynək, ağacdələn, məməlilərdən cüyür, qonur ayı, dələ, canavar, tülkü, maral, yenot və ayıya təsadüf olunur. Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.

 

ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Bəhruz Məhəmmədov deyir ki, milli parkın relyefi də olduqca zəngindir: “Bu milli parkın özəlliyi ondan ibarətdir ki, həm meşəlik, həm də yüksək dağlıq əraziləri əhatə edir. Azərbaycanın ən hündür zirvələri – Bazardüzü, Şahdağ, Tufandağ burada yerləşir. Şahdağ Milli Parkı elə bir yerdə yerləşib ki, burada hər bir marşrut digərindən fərqlidir. Ona görə də bura maraq daha çoxdur”.

 

Gəzintidən yorulanda isə piknik üçün nəzərdə tutulmuş yerlərdə istirahət edə, çay kənarında və sərin meşədə istirahət edə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT