Evlərinin tikilməsini yox, sökülməsini gözləyənlər - REPORTAJ
16:56 – 27 İyun, 2018

Bu ilin yanvar ayında Nizami rayonunun Keşlə qəsəbəsində Davud Aslan küçəsinin sakinləri uzun illərdir yaşadıqları təhlükəli ərazidən köçürüləcəkləri xəbərini alıblar. Sakinlərə ilkin mərhələdə dəmir yolu xəttinin yaxınlığındakı evlərin köçürülməsinin planlaşdırıldığını deyiblər.

 

Burdakı 45 evlə dəmir yolu relslərinin ara məsafəsi ən çoxu 3 metrdir. Halbuki Nazirlər Kabinetinin 22 yanvar 2005-ci il tarixli qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. Bu səbəbdən mənzillərə baxış keçirilib, qiymətləndirmə prosesi başa çatıb və... "Qızım, 6 aydır gəlib gedirlər. Ölçürlər, biçirlər və deyirlər ki, tezliklə sizə veriləcək məbləği alacaqsınız. Artıq dedikləri vaxtdan günlər keçib. Hamımız  nigaranıq. Çünki bizi əmin etdilər ki, siz 24 gün ərzində köçürüləcəksiniz, biz də əlimizdə olan-qalanı aparıb beh verdik ki, söküntü prosesinə başlanandan sonra evsiz-eşiksiz qalmayaq. Əslində bu günə kimi də elə əziyyətlə yaşamışıq. Amma sevindik ki, köçürülürük, canımız təhlükədən qurtarır. Sən demə, elə belə vəd veriblərmiş. Yayın istisində heç bir yerə tərpənə bilmirik ki, bu gün evi sökəcəklər, sabah evi sökəcəklər".

 

Müşahidə etdik ki, ərazidə həyat əvvəlki tək öz axarı ilə davam edir. Söküntü aparılması planlaşdırılan ərazidə isə yay tətili olduğundan, uşaqlar dəmir yolu xətlərinin üzərində oynayırlar.

 

Artıq söküntüsü nəzərdə tutulan evlərdə qeydiyyat aparılıb. Hər kvadratmetr üçün standart olaraq 1000 manat ödənilməsi nəzərdə tutulub. Bəzi sakinlər isə bu məbləğlə razılaşmadıqlarını dilə gətirdilər. Dedilər ki, Davud Aslan küçəsi şəhərin mərkəzi ərazisi sayıldığından və mənzillərinin yaşayış sahəsi kiçik olduğundan, onlara veriləcək məbləğlə başqa yerdə ev, torpaq sahəsi, eləcə də mənzil almaq kifayət qədər çətindir. Çünki paytaxtda aparılan söküntü işləri əmlak bazarına da təsir edir. Amma indi sakinləri kvadrat metrə görə onlara verilən pulun məbləğindən çox gətir-götür məsələləri narahat edir.

 

Onlar iddia edir ki, artıq kommunal xərclərini ödəyiblər. Hökumət qurumları qarşısında heç bir öhdəlikləri qalmayıb. Yaşadıqları ərazi üzrə olan mənzil istismar sahəsinə də, hətta notarial kontora da bununla bağlı məlumat veriblər: "Məktəbli övladlarım var. Hər il bu vaxt rayona göndərirdim. İndi göndərə bilmirəm. Heç bilmirəm nə vaxt və necə söküləcək? Əlimiz işə də yatmır. Hər il olduğu kimi, bu il də qorxu içində yaşayırıq. Uşaqların oynamağa yeri belə yoxdur. Onsuz da illərdir bununla bağlı şikayət etmədiyimiz əlaqədar qurum qalmamışdı, indi də bizi belə gözlədirlər. Eşitdim köçürürlər bizi, gedib torpaq sahəsinə beh verdim, qızım. Ailəm, uşaqlarım, nəvələrim hamısı nigarandır. Bu gün-sabah məktəb başlayır, biz heç bilmirik uşaqlarımız yeni tədris ilindən harda oxuyacaq? Yəni hər şey dağınıq olaraq qalır".

 

Sakinlər deyir ki, dəmir yolu ərazisində tikilən bu evlərin problemləri fəsildən-fəslə dəyişir. Qışda nəmişlikdən, yayda natəmizlikdən əziyyət çəkirlər. Hazırda Davud Aslan küçəsində 45 ailə yaşayır.

 

Məsələ ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA TV-yə açıqlamasında bildirdi ki, dəmir yolunun mühafizə zolağında yerləşən Davud Aslan küçəsindəki tikililərin sökülməsi ilə bağlı layihə icra mərhələsindədir. Layihə çərçivəsində söküləcək evlərin siyahıya alınması və digər tələb olunan prosedurlar həyata keçirilib və vətəndaşlara ödəniləcək kompensasiyaların həcmi müəyyənləşdirilərək, bununla bağlı vətəndaşlara bildirişlər verilib. Vətəndaşlara kompensasiyaların ödənilməsinə dövlət büdcəsindən bu istiqamətə vəsait ayrılmasından sonra başlanacaq.

X

XƏBƏRLƏR
BÖYÜT