10 yaşlı Lent.az-dan "Yüz ilin əmanəti" - REPORTAJ
16:11 – 28 İyun, 2018

Lent.az İnformasiya Agentliyinin 10 yaşı tamam oldu. Lent.az-çılar elə bu münasibətlə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş "100 ilin əmanəti" kitabını çap ediblər.

 

APA TV-nin xəbərinə görə, "Libraff Park Akademiya" kitab mağazasında kitabın təqdimatı olub.

 

Tədbirdə millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Hikmət Babaoğlu, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, "525-ci qəzetin" baş redaktoru, AYB katibi Rəşad Məcid, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı və digər tanınmış şəxslər, media nümayəndələri, yazarlar və oxucular iştirak edib.

 

Tədbiri açan tanınmış jurnalist, APA TV-nin aparıcısı İlham Tumas “Lent.az”ın internet mətbuatının inkişafında böyük rolu olduğunu deyib, özünü də “Lent.az” ailəsinin üzvü kimi hiss etdiyini bildirib.

 

“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı Lent.az ailəsini 10 illik yubileyi münasibətilə təbrik edib və saytın internet mediasındakı yerindən söz açıb: “Bu gün mənim bioqrafiyam üçün çox ciddi bir gündür. Biz o vaxt Lent.az-ı yaratmaq istəyəndə tərəddüdlər ortaya çıxdı. Çünki o zaman rusdilli saytların çox olduğu vaxt idi, Azərbaycandilli portal açmaq uğurlu hesab edilmirdi. Deyirdilər ki, onsuz da APA var, Lent.az nəyə lazımdır? Zaman keçdikcə Lent.az bu fikrin səhv olduğunu sübut etdi və özünü doğrultdu. Lent.az bütün sahələrdə fəaliyyət göstərməyə başladı. O vaxtlar Lent.az daha çox şou-biznes xəbərləri ilə, yüngül yazılarla çıxış edirdi. Daha çox bu istiqamətdə fəaliyyət göstərirdi. Belə desək, APA-nın yaya bilmədiyi, daha doğrusu, yaymaq istəmədiyi xəbərləri yayırdı. Ancaq mənim sevindiyim tərəf o oldu ki, Lent.az bir istiqamətdə dayanmadı. Sevinirəm ki, Lent.az-ın ən çox oxunan yazıları o vaxt da, elə indi də Qarabağ haqda yazılardır. "Kəşfiyyatçının gündəliyi"ni Rey Kərimoğlu yazdı, Vüsalə Məmmədova "Əsir düşərgəsi" adlı layihəyə başladı, müharibədə girov düşmüş insanlar haqqında silsilə yazılar hazırladı. Və bundan sonra Lent.az-ın uğurları daha da artdı, oxucular tərəfindən sevildi, izləndi".

 

 Vüsalə xanım çıxışında "100 ilin əmanəti" kitabından da danışıb: “Biz, əslində bura "100 ilin əmanəti" kitabına görə toplaşmışıq. Cümhuriyyətlə bağlı Lent.az-da layihə şəklində gedən yazılar kitab kimi çap olundu. Layihəmizə çox ciddi imzalar öz töhfələrini verdilər. Zakir Sadatlı, Mehriban Ələkbərzadə və bir çox tanımış müəlliflər. Onların yazıları ta 2015-ci ildən bu günə qədər yayımlandı. Xatırladım ki, layihə başa çatmayıb, yenə davam edəcək. Cümhuriyyət bizim həmişə gündəmimizdədir. Bəzən deyirlər ki, media maarifləndirə bilirmi? Hesab edirəm ki, bəli, medianın maarifləndirmə missiyası olmalıdır. Düşünürəm ki, media öz yazdıqları ilə maarifləndirə bilir. Hər şey İP-dən və tirajdan asılı deyil. Mənim heç vaxt Lent.az-a "Niyə İP-imiz azdır?" deyə bir iradım olmayıb. Bu günə qədər Lent.az-da maarifləndirici yazılar olub. Bəzi insanların həyatına öz təsiri olub Lent.az-ın. Bir neçə köməksiz sakinin evlə təmin olunmasında Lent.az-ın rolu olub. Lent.az bir çox vətəndaşların yaşayışına kömək əli uzadıb”.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında qeyd edib ki, Lent.az saytı yarandığı gündən bu günə qədər Qarabağ mövzusuna həssaslıqla yanaşıb: "Azərbaycan mediası Azərbaycan xalqının Qarabağ dərdini heç vaxt unutdurmayıb. O media vasitələrindən biri də Lent.az xəbər portalıdır. Lent.az fəaliyyətə başlayan gündən özünün əsas mövzusu Qarabağ, müharibə, Azərbaycanın ərazi bütövlüyü olub. Əminəm ki, bu belə də davam edəcək".

 

Əflatun Amaşov Lent.az saytının baş direktoru Qabil Abbasoğluna Mətbuat Şurasının diplomunu təqdim edib.

 

Növbəti çıxışçı millət vəkili Hikmət Babaoğlu bildirib ki, Lent.az artıq bir brend kimi özünü tanıtmağı bacarıb: "Agentlik informasiya mübadiləsi, xəbəri toplamaq və yaymaqla məşğuldur. Ancaq informasiya istehlakçıları həmişə quru informasiya qəbul etmək istəmir. Bəzi informasiya istehsalçıları bəzən obrazlı, xüsusi keyfiyyətli informasiya axtarırlar. Məhz buna görə də Lent.az kimi aktiv bir portal lazım idi. Bu gün həm də Lent.az bizə "100 ilin əmanəti" adlı xüsusi kitab təqdim edir. Cümhuriyyətin 100 illiyi ilə bağlı... Arzu edirəm, o gün olsun ki, Lent.az-ın da 100 illiyi qeyd edilsin".

 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Lent.az-ın 10 yaşı münasibətilə kollektivi təbrik edib və Vüsalə Mahirqızı ilə Qabil Abbasoğluna Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin "Vətən naminə" medalını təqdim edib.

 

Vüsalə Mahirqızı "Vətən naminə" medalına görə Emin bəyə xüsusi təşəkkürünü bildirib, qeyd edib ki, bu medal tək ona yox, “APA Holdinq”ə verilən medaldır: "Bu, bizim üçün qürur mənbəyidir. Biz həmişə Dağlıq Qarabağ probleminə həssas yanaşmışıq və Qarabağ həmişə bizim ən həssas, ən prioritet məsələmiz olaraq qalacaq. Çünki cənab prezidentin xarici siyasətimizlə bağlı ən böyük prioriteti Dağlıq Qarabağ problemidir. Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq agentlik kimi həm bizim, yerli portal kimi Lent.az-ın boyun borcudur". 

 

Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu çıxışçılara, tədbir iştirakçılarına, oxuculara təşəkkürünü bildirib: "Biz oxucularımızla dəyərliyik! Hesab edirəm ki, bizim oxucular tək oxucumuz deyil, həm də dostumuzdur. Bu qədər dostun olması ilə fəxr eləmək olar. Bayaq da çıxışçıların dediyi kimi, bizim saytda kənara qoymadığımız xətt ərazi bütövlüyü, Qarabağ problemi olub. Nəinki peşəkar kimi, bir insan kimi bunu öz vəzifəmiz hesab etmişik. Buna görə kimdənsə qədir-qiymət gözləməmişik. Borc kimi gördüyümüz bu işləri yenə davam etdirəcəyik. Oxucuların sevimli saytı olmağa çalışırıq. Mən bu gün də hərf səhvinə görə bizə zəng edənlərə təşəkkür edirəm. Hər kəsə, bura toplaşan bütün “Lent.az”çılara təşəkkür edirəm. Mən “Lent.az”a cümhuriyyətimizin yaşı qədər yaş arzulayıram."

 

"525-ci qəzetin baş redaktoru" Rəşad Məcid Lent.az-la bağlı fikirlərini bölüşüb: “10 il öncə ilk fəaliyyətə başlaması yadımdadır. O zaman mən bilirdim ki, buna kimlər rəhbərlik edəcək, hansı kollektiv işləyəcək. Ona görə də, “Lent.az”a inamım böyük idi. İnanırdım ki, media bolluğunda o öz yerini tutacaq. Zaman da keçdi, mənim fikirlərim təsdiq olundu. Yeni Azərbaycan mediası sırasında “Lent.az” öz təmkini, ağıllılığı, operativliyini qoruyur.

 

Millət vəkili Qüdrət Həsənquliyev də Lent.az-çıları təbrik edib: “Azərbaycanda Cümhuriyyət İlidir. Hesab edirəm ki, hər bir yaradıcı insan bu ilə öz töhfəsini verməlidir. Ona görə ki, bizim qurucu babalar yoxdan böyük dövlət qurdular. Bu gün biz həmin dövlətin vətəndaşlarıyıq və bununla fəxr edirik. Lent.az da 10 ildir Azərbaycan həqiqətlərini yazmaqla, təbliğ etmək məşğuldur. Mən bütün yaradıcı heyətə başda Qabil bəyə uğurlar arzulayıram. Hesab edirəm ki, Azərbaycan üçün daha böyük işlər görəcəklər”.

 

"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı Lent.az-ın 10 yaşı və çap olunan kitabla bağlı fikirlərini APA TV ilə bölüşüb: "Məni ən çox məmnun edən, ən çox xoşuma gələn bu illər ərzində “Lent.az”ın öz birinciliyini qoruyub saxlamasıdır. Bu gün mənim üçün əsas məsələ bizim Cümhuriyyətin 100 illiyi münasibəti ilə çap etdiyimiz kitabdır. Mən hesab edirəm ki, tarixin yaşaması, tarixin qalması üçün kitab çap etmək, kitabı kitabxanalara vermək çox önəmlidir. Ona görə belə bir kitab nəşr elədik. "Cümhuriyyətim"  layihəsi 2015-ci ildə Lent.az saytında məhz mənim ideyam əsasında başlayıb. Ona görə kitabın ideya müəllifi kimi Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu məni qeyd edib. Çox sağ olsun!

 

Lent.az-ın baş direktoru Qabil Abbasoğlu 10 ildə getdikləri yolun məsuliyyətindən danışıb: “Nəzərə alın ki, Lent.az yarananda internet media Azərbaycanda yeni yaranırdı. Biz həm öyrənirdik, həm də yaradırdıq. Təsəvvür edin bir yolu ilk dəfədir gedirsən, bilirsən ki, sənin arxanca bu yolla insanlar gələcəklər. Bu yolun məsuliyyəti, qorxusu, ağırlığı böyükdür. Birdən yanlış yol gedərəm, adamlar gələr arxamca, fəlakətə düşər. Lent.az mənim tərcümeyi-halımın ən gözəl səhifələrindəndir”.

 

Təqdim olunan “100 ilin əmanəti” kitabında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, fəaliyyəti, süqutu dövrü, Cümhuriyyətin qurucularının həyatı araşdırılıb. Tanınmış müəlliflər tərəfindən hazırlanmış araşdırma yazılarda Xalq Cümhuriyyəti və onun qurucularının həyatına aid ilk dəfə yayımlanan faktlar yer alıb.

 

Kitabının ideya müəllifi "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, redaktoru “Lent.az” saytının baş direktoru Qabil Abbasoğludur.

 

Kitabda Cavid Cabbaroğlu, Mehriban Ələkbərzadə, Anar Yusifoğlu, İlham Tumas, Zakir Sadatlı, Səbuhi Məmmədli və digər tanınmış müəlliflərin yazıları yer alıb.

X

XƏBƏRLƏR
BÖYÜT