Fikrət Qoca: “Deyirdilər, Allaha üsyan edir”
18:04 – 29 İyun, 2018

Xalq şairi Fikrət Qocanın APA TV-nin “Sözün kodu” verilişinə müsahibəsi 

 

- Fikrət müəllim, bir müddət əvvəl səhhətinizdə problem var idi. İndi necəsiniz?

- Desəm yaxşıyam, gərək sizə təəccüblü gəlsin. 83 yaşlı kişi səhər durub deyirsə yaxşıyam, bil ki, yalan danışır. Amma nəfəs alıram, oyanıram, hətta verilişə dəvəti qəbul edib gəlib otururamsa, deməli, lazımı dərəcədə babatam.

 

- Yazıçılar Birliyində çoxsaylı tədbirlər olur. Hamısında iştirak imkanınız olur?

- Vallah, hamısında iştirak etsəm, gərək evə getməyəm. Amma belə dəvətlərə etiraz etmirəm. Kitab haqqında, ədəbiyyat haqqında danışmaq həmişə xoşdur.

 

- Cəmiyyətimizin kitaba münasibətini necə qiymətləndirirsiniz?

- Hər şey yaşayış tərzinə bağlıdır. Bir vaxtlar vəziyyət ona görə yaxşı idi ki, kitablar göylə gedirdi. Şəxsən mənim şeir kitablarım 15-20 min tirajla çap olunub. Məsələn, Moskvada 20 min tirajla çap olunub. İndi Bakıda isə 500-1000 tirajla çap olunur. 90-cı illərdə isə ümumiyyətlə, çap olunmurdu. Kitab mağazalarında kitabdan başqa hər şey satılırdı. İndi isə vəziyyət dəyişib. Görürəm, sevinirəm. Kitaba qayıdış var. Əslində bu qayıdışın əsas mayası iqtisadi həyatın düzəlməyidir. Bəli, insan yaşamağa kitabdan, mədəniyyətdən başlayır. Ölkə acdırsa, orda heç mədəniyyət də yoxdur. Uşaq acdır, gözü çörək axtarır, onu kitab oxumağa məcbur etmək olar? O adamlar ki kitaba yaddır, onlar ac da olanda həmin adamdır, tox da olanda. Amma dövlətin imkanı olanda, insan yaxşı yaşayanda xalqın səviyyəsi də müəyyən olunur. Millətin əsl üzü onda görünür.

 

- 90-cı illərdəki çətin vəziyyətləri necə yaşadınız, o keçidi necə adladınız?

- Əlbəttə, ağır idi. Çünki o dövrdə müəllif hüququ idarəsi də işləmirdi. Qonorar verə bilmirdik. Mən onda “Qobustan” jurnalının baş redaktoru idim. Bir sayını dəftər kimi buraxdıq. Dedim, heç olmasa, sayı düzəlsin, nömrə boş qalmasın. Qalan başqa jurnallar da bu vəziyyətdə idi. İki nömrəni birləşdirirdik. Yazıçılar Birliyinin qorunub saxlanılması... Anar seçiləndən sonra o gücə qaldı. Sonra rəhmətlik Heydər Əliyev bizi dəvət etdi, vəziyyətimizi öyrəndi. Hətta beş-altı şairə pul ayırmışdı ki, kitabları çap olunsun. Məclisdə soruşdu, dedik, on ildir kitablarımız çap olunmur. Dedi, mən sizə - bu stolda oturanlara pul göndərəcəyəm. Sonra hərəmizə on min dollar göndərmişdi.

 

- Siz qonorar məsələsinə toxundunuz. Bu məsələ necə tənzimlənməlidir? Yazıçı yaratdığı mətnə görə nə vaxt normal qonorar alacaq?

- Bu, qəliz prosesdir. İş nəşriyyatlardan başlamalıdır. Nəşriyyat özü qazanmalıdır ki, kitaba da pul versin. İndi biz özümüz pul verib çap etdiririk. Müəllif hüququ da o qədər səliqəyə düşməyib. Yavaş-yavaş qaydaya düşür. Bu həm də xariclə əlaqədar olmalıdır ki, kənarda kitab çap olunanda qonorarı göndərilsin. Cavan ölkədir, get-gedə qaydaya düşəcək.

 

- Siz 500-ə yaxın mahnı mətninin müəllifsiniz...

- Mənim oncildlik kitablarımın bir cildi mahnı mətnləridir. Ora da hamısı düşməyib. Onları toplamaq çox çətindir. Rusiyada deyəndə ki, 400-dən çox mahnıya şeir yazmışam və onlar oxunur, deyirlər, oda sən milyonçusan. Çünki onlarda müəllif hüququ işləyir. Sovet dövründə televiziyada, radioda çıxış edəndə də qonorar alırdıq.

 

- Bəstəkarlardan kiminlə daha yaxından işləmisiniz?

- Tofiq Quliyev, Vasif Adıgözəlov, Arif Məlikovla işləmişəm. Ən çox işlədiyim bəstəkar Ramiz Mirişli olub. Yüzdən artıq mahnımız var. Kinofilmlərə çox mahnılar yazmışam. Telman Hacıyev və Adil Bəbirovla, Poladla çox işləmişəm. İndi də Ruhəngiz Qasımova ilə işləyirəm.

 

- Ruhəngiz xanımla həm də dostsunuz...

- Gənclik dostu. Radioda işləyəndə Ramiz Mirişli ilə dayanıb söhbət edirdik, Ruhəngiz də orda keçirdi. Bir oğlanla sərt danışdım, oğlan da dedi, çıxarsan aydınlaşdırarıq. Ramiz narahat oldu. Dedim, bir adamla danışmışam, onu aparacağam, söhbət edəcəyik. Ramiz yenə sakitləşmədi ki, səni qoyub qaçar, döyülərsən, kimdir o? Cavab verdim ki, Ruhəngiz Qasımova. Güldü ki, mənə sataşırsan? Zarafat salıb, Ramizi sakit elədim.

 

- Azərbaycan ədəbi gəncliyi ilə bağlı nə düşünürsünüz? Hansı narahatlığınız var?

- Bu barədə mənim heç vaxt narahatlığım olmayıb. Ağac olursa, ətrafında pöhrəsi də olur. İstedadlı adamlar hər zaman çox olub.

 

- Verilişdən əvvəl sizinlə Azərbaycan dilinin istifadəsi  ilə bağlı söhbətimiz oldu. Dil və dilçilik məsələsi hər zaman ciddi müzakirələrə yol açıb. İstərdim, bu məsələdən danışaq...

- Dil qəliz məsələdir. Biz elə bilirik ki, danışırıqsa, dili bilirik. Dil “Ol” kəlməsində başlayır. Susuz, dilsiz yaşamaq olmaz. Distillə olmuş dillə ədəbiyyat yaratmaq olmaz. Su kimi onu içmək olar, yanğını söndürə bilərsən, amma nə isə yaratmaq olmaz. Dil xalqın içindədir, camaatın arasındadır. Məsələn, qoca kişilər deyirdi ki, qaranlıq idi, qəbiristanlıqdan keçəndə eyməndim. Demir, qorxdum. Qorxmaq başqa şeydir. Sözün şəkli, dadı var.

 

- Siz Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmisiniz. Necə oldu yolunuz bu institutdan düşdü?

- O vaxt belə idi ki, Qorki İnstitutu Yazıçılar Birliyinin idi. İndi də bu institut  var, amma başqa ölkələr ora oxumağa uşaq göndərsələr də olar, göndərməsələr də. O vaxt bizim yaxşı görüşlərimiz olurdu. Hər ölkədən tələbələr var idi. Məsələn, mənim Azərbaycanda kitabım çıxmamış, Latviyada kitabım çıxmışdı. Latviyalı şair tərcümə etmişdi. Oljas Süleymanov bizdən iki-üç kurs yuxarı oxuyurdu. Vasili Belov bizimlə tələbə yoldaşı olub. Poeziyada oxuyurdu, sonra hekayələr yazdı, keçdi nəsr şöbəsinə. Alla Axundova, Siyavuş Məmmədzadə, Əkrəm Əylisli, Eyvaz Borçalı da mənimlə oxuyub. Əli Kərim, Cabir Novruz da Qorki İnstitutunu bitiriblər. Bir də təkmilləşdirmə kursları var idi. Başqa ixtisas oxuyanlar təkmilləşdirməyə gəlirdilər. Cabir Novruz, Nəriman Həsənzadə, Söhrab Tahir kurs keçməyə gəlmişdilər.

 

- Fikrət müəllim, sonuncu şeirinizi nə vaxt yazmısınız?

- Dünən səhər. Amma adətən gecə işləyirəm. Bəzən olur ki, yazıram, amma çapa vermirəm. Sovet vaxtı bir şeir kitabım var idi, senzura orda 36 şeir çıxarmışdı. Kitab “artıqlamışdı”. O şeirlər indi çap olunub. Elə şeirlərim də var ki, görürəm, onları çap etməyin vaxtı deyil. İndi qəbul olunmaz.

 

- Bəlkə sosial məsələlərlə bağlıdır?

- Yox. O şairlər bədbəxtdir ki, yumurta, yağ tapılmayanda şeir yazır. Sabah yumurta tapılanda o şeir heç kimə lazım olmayacaq. İnsan psixologiyasının dəyişilməsi 100 illər çəkir. Elə şeylərdən yazmaq lazımdır ki, onlar bəşəri, ədəbi mövzulardır. Məsələn, qadına münasibət. Elə mövzulardan yazmaq lazımdır ki, şeir yaşasın. Çünki o şeir sənin ömründür, gecə-gündüzündür. Yoxa çıxa bilərsən.

 

- Şeirlərini xüsusi olaraq əzbərləyirsiniz, yoxsa yazı prosesində əzbərinizdə qalır?

- Yazı prosesi bəs edir. Çox vaxt ürəyimdə hazır olur, köçürürəm. Deyirlər, ilham gəldi, yazdım. İlham gəlmir. İçində götür-qoy edirsən, sözləri seçirsən, yazırsan. Bəzən də olur, şeiri yazıram, sonra qəzet redaktoru kimi ona düzəliş edirəm.

 

- Sizin çoxlu uşaq şeirləriniz var. Amma onları heç vaxt çap etdirməmisiniz. Bu haqda nə düşünürsünüz?

- Əlbəttə, çap etmək lazımdır. Uşaq üçün yazmaq çox çətindir. Mən də gərək o şeirləri mütləq kitab kimi çap etdirim, it-bat olmasınlar.

 

- Son şeirinizi oxuya bilərsiniz?

- Yox, hələ tezdir. Vaxtilə cavanlıqda yaxşı şeir deyirdim. Sonra səsim belə oldu. Səs telini kəsdilər, qayıtmadı. Allah rəhmət eləsin, mən Heydər Əliyevin göstərişi ilə əməliyyat olundum. İndi onun hesabına yaşayıram. 51 yaşım var idi. İndi 83 yaşım var.

 

- Son olaraq, dinə münasibətinizi bilmək istərdim...

- Moskvada oxuyanda “Salam, Allah” adlı şeir yazmışdım. Xeyli tənqid etdilər. Məzmun belə idi ki, Allah, gəl söhbət edək. Sənə axşama qədər ibadət edən qapıçı vəsiqən olmasa, içəri buraxmaz. O şeirdə mənim başqa fikrim var idi. Deyirdilər, Allaha üsyan edir. Amma üsyan da var idi. İndiki yaşımda isə bilirəm ki, kainatı yaradan, nizam-intizamı quran var. Biz gedirik. O demək deyil ki, ölürük. Biz enerjiyik, məhsuluq. Bu enerji şəklini dəyişir. Din də deyir ki, sonra diriləcəksiniz. Hətta inanıram ki, bu günəş sisteminin içində mən varam, başqa günəş sisteminin içində isə mənim cavanlığım.

 

X

XƏBƏRLƏR
BÖYÜT