Lal daşları dilə gətirən qız - REPORTAJ
11:33 – 30 İyun, 2018

Hər hansı kağız, taxta lövhələr və yaxud molbretə bərkidilmiş kətan üzərində rəsm çəkmək heç kimə təəccüblü və qeyri-adi gəlmir. Çünki rəsm dedikdə, ilk olaraq ağlımıza elə bunlar gəlir. Lakin soyuq çay daşları üzərində rəsm çəkmək yəqin ki, mənim kimi  bir çoxunuzun diqqətini  çəkə bilər.

 

Bəlkə də gerçək yaradıcı insan, ürəyi rəsm eşqi ilə döyünən biri üçün hansı vasitə üzərində rəsm çəkmək bir o qədər də önəm daşımır. Onun üçün ən əsas beynindəki ideya quşunu azadlığa qovuşdurmaqdır. 23 yaşlı Sevinc Rəhimova da yanından, üzərindən etinasız keçib getdiyimiz soyuq daşlar üzərində isti xatirələr canlandırır. Kim bilir, bəlkə də çoxunuz Sevincin yaratdığı rəsmlərlə tanış olduqdan sonra “daş qəlbli” ifadəsini lüğətinizdən  çıxaracaqsınız.

 

Özünün dediyinə görə, onu çay daşları ilə doğmalaşdıran ixtisasca coğrafiyaşünas olmasıdır. Sevinc artıq iki ildir ki, evində qurduğu balaca dünyasında - kiçik emalatxanasında soyuq lal daşları dilə gətirir, onlara ikinci həyat verir: “Gördüyüm iş “Stone Art” adlanır. Bizim dildə daş boyama sənəti kimi tərcümə olunur. Çoxdandır rəssamlıqla məşğulam, yalnız iki il bundan qabaq səhifələrin birində “Stone Art”la tanışlığım baş tutdu. İşin mahiyyəti ondan ibarətdir ki, müxtəlif çay daşlarının üzərində illüstrasiyalar, təsvirlər, portretlər işləyirəm.

 

Mən daşları əsasən səfər etdiyim bölgələrdən, bəzən xaricə də səfər edirəm, orada diqqətimi çəkən gözəl daşlar olduqca toplayıram. Əsasən çay daşları olur, çay yataqlarından  götürürəm. Özüm də coğrafiyaşünasam, bu sahə də mənim “Stone Art”la  daha da yaxın olmağıma, belə desəm, vasitəçilik  edir.

 

Əsasən texniki cəhətdən yanaşsaq məsələyə, forma və hamarlılığı mənim daşda ilk gördüyüm vizual əksedicidir. Mütləq həmin daşın formasını və ölçüsünü nəzərə alıram. Belə bir şey  var ki, mənim daşla kontaktım da çox maraqlı alınır. Daşdan aldığım enerji də müsbət olur, həmçinin mənim daşa ötürdüyüm enerji də. Təsvirləri necə işləməyim də mənim enerjimdən asılıdır.

 

Bu işə başlayanda mən özüm üçün başlamışdım. Lakin sonradan gördüm ki, insanların marağı artır bu sahəyə. Daha sonra dostlarımın təkidi ilə səhifə açdıq. İşlərimin bir neçəsini səhifədə yerləşdirdik və getdikcə sifarişlər gəlməyə başladı. İndiyəcən 200-dək daş işləmişəm”.

 

Sevinc deyir ki, bu sahə Azərbaycanda yeni olmasına baxmayaraq, insanların marağı  get-gedə artır və sifariş edənlər də çox olur: "Sifarişlər gəlir. Adətən hədiyyə etmək məqsədilə mənə müraciət edirlər. Məsələn, mənim yaxınımın doğum günüdür, yaxud bizim belə bir əlamətdar günümüz var, ona uyğun təsvir seçməkdə mənə kömək edəsiniz. İnsanlar bir-birini standart hədiyyələrlə təbrik etməmək üçün bu cür qeyri-standart hədiyyələrə müraciət edirlər.

 

Mən hər zaman sifarişçilərə də deyirəm ki, bizdə qiymətlər fərqli olur. Əsasən təsvir üslubuna və daş ölçüsünə görə qiymətlər dəyişir. 10 AZN-dən başlayır, portretlər isə daha çətin və vaxt aparan iş olduğundan 40 manatdan başlayır. Tək şəxs 40 manat, iki şəxs üçün 60-70 manat arası olur”.

 

Sevincin sözlərinə görə, çəkdiyi rəsmlər arasında elə nümunələr var ki, onları heç vaxt kiməsə satmağı düşünmür: “Mən daha çox öz zövqümlə işlədiyim zaman məşhur rəssamların əsərlərinə müraciət edirəm, özümə də xoş olur ki, mən onların əsərlərini təkrarlayıb daşlara həkk edirəm.  Heç kimlə bölüşə bilmərəm, çox sevdiyim işlər var. Biri Qustav Klimtin əsəridir. Hardasa o işi 3-4 gün ərzində tamamlamışdım. Daha sonra mən onu səhifəyə yerləşdirəndə qiymətini soruşmuşdular, lakin mən bildirdim ki, heç vaxt o əsəri satmayacağam. Çünki daşları işləyərkən məndə xatirələri var həmin o təsvirlərin və mən qıya bilmirəm elə bir təsvirləri satmağa”.

 

Sevinc də düşünür ki, dünyanı musiqi xilas edəcək. Deyir ki, həyatda heç nəyi musiqisiz təsəvvür etmir. Hətta rəsm əsərlərini də musiqinin müşayiəti ilə çəkir: “Özümə deviz seçmişəm. “Music, Art, Nature” - Musiqi, İncəsənət, Təbiət... Bu üçünün birlikdə harmoniyası məni çox sakitləşdirir. Bəzən çox yoruluram və düşdüyüm vəziyyətdən məni musiqi xilas edir. Musiqidən aldığım enerji daşlarla aramda olan harmoniyanı daha da qüvvətləndirir, mən daha yaradıcı və daha enerjili işləyirəm”.

X

XƏBƏRLƏR
BÖYÜT