Metrosuz Bakının sərnişinləri necə daşındı? - REPORTAJ
19:03 – 04 İyul, 2018

Ötən gün axşam saatlarında paytaxtda elektrik enerjisinin kəsilməsi ilə Bakı Metropoliteninin fəaliyyətində problem yaranıb. Nəticədə qatarlar tuneldə qalıb. Xilasedicilərin və polis əməkdaşlarının səyləri ilə sərnişinlər tunellərdən təxliyə olunub.

 

APA TV-nin məlumatına görə, bu gün səhər saatlarında yayılan açıqlamada isə metropolitenin bu gün işləməyəcəyi bildirilib. Sərnişinlər yerüstü nəqliyyat vasitələrinə üstünlük verməli olublar. Yaranmış vəziyyətlə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) operativ işçi qüvvəsi yaradılıb: “Müntəzəm sərnişindaşımada nəqliyyatın işinin təmin olunması Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılır. Onların işinə dəstək olmaq üçün işçi qüvvəsi sıxlıq aradan qaldırılana qədər gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərlərarası sərnişindaşımada iştirak edən 36 avtobus Bakı, eyni zamanda Abşeronun müxtəlif qəsəbələrinə daşımanı təşkil edir. Daşıyıcılar əlavə ehtiyat nəqliyyat vasitələrini ödənişsiz təqdim etdilər. Bu avtobuslar sıxlıq aradan qaldırılana qədər pulsuz xidmət göstərəcək”.

 

Dünən axşam saatlarından etibarən xidmətə ümumilikdə 64 avtonəqliyyat vasitəsi cəlb olunub. Axşama qədər daha 20-yə yaxın avtobusun xidmətə verilməsi nəzərdə tutulur.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, xətlərə əlavə avtobusların buraxılması sərnişin sıxlığının qarşısını tam da olmasa, qismən almağa kömək edib: “20 Yanvar dairəsindən Sumqayıta və ətraf ərazilərə gedən sərnişinlərin də rahat daşınması üçün təxminən 20-yə yaxın nəqliyyat vasitəsi ayrıldı. Hər hansı ciddi problemlərlə üzləşmədik. Əsəsən “Koroğlu” Mübadilə Mərkəzində, Qara Qarayev prospekti boyunca yerləşən metro stansiyalarının ətrafında, 20 Yanvar metro stansiyasının ətrafında sərnişin sıxlığı müşahidə olunurdu. Həmin ərazilərdən sərnişinlərin daşınması üçün əlavə nəqliyyat vasitələri cəlb edilmişdi. Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək”.

 

Çəkiliş qrupu ilə bir neçə saat ərzində “Koroğlu” metro stansiyası ətrafında müşahidə aparıb, vəziyyətlə yerində maraqlandıq.

 

Ötən axşamdan etibarən Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə şəhərdaxili  bütün avtobuslar pulsuz fəaliyyət göstərir.

 

Metropolitenin işləməməsi, üstəlik, şəhərin müxtəlif ərazilərində müşahidə olunan tıxac sərnişinlərin haqlı narazılığına səbəb olub.

 

Yeri gəlmişkən, Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif metro stansiyalarının ətrafında və Koroğlu Mübadilə Mərkəzində sərnişinlərə su paylanıb.

 

Komforta üstünlük verənlər isə taksi xidmətindən istifadə edirlər. Artıq bu gün səhər saatlarında sosial şəbəkələrdə taksi sürücülərinin gediş haqlarını artırması ilə əlaqədar şikayətlərə rast gəldik. Bəzi sürücülər qiyməti artırdığını etiraf etsə də, bəziləri elə əvvəlki qiymətlərlə xidmət göstərdiklərini bildirdilər.

 

Qeyd edək ki, Bakı Metropoliteni bu gün 13:10-dan etibarən fəaliyyətini bərpa edib.

X

XƏBƏRLƏR
BÖYÜT