Narkotik maddələr necə ekspertizadan keçirilir? - REPORTAJ
14:13 – 09 İyul, 2018

“Qısa bir müddətdə toz şəkilli maddə qoyulur almaz qəbuledicisinə və sıxılır. 4 dəfə skan olandan sonra həmin narkotik vasitənin tərkibini müəyyən etmək mümkündür”.

 

Bura Məhkəmə Ekspertizası Mərkəzinin fiziki və kimyəvi ekspertizalar və bioloji ekspertizalar şöbələridir. Mərkəzin hər iki şöbəsində çalışan ekspertlərin işləri olduqca maraqlıdır. Burada maddə materiallarının məhkəmə ekspertizasına daxil olan 8 ekspert ixtisası üzrə - lifli materialların, lak-boya materiallarının, narkotik vasitələr və psixotrop maddələr, spirt tərkibli mayelər, neft-yanacaq sürtkü materialları, polimer materialları və silikat şüşə və keramika materiallarının ekspertizaları aparılır.

 

Mərkəzin bioloji ekspertizalar şöbəsində heyvan və torpaq mənşəli maddələrin, narkotik tərkibli bitkilərin və onlardan hazırlanmış narkotik vasitələrin ekspertizası aparılır.

 

Şöbədə aparılan tədqiqatlar arasında narkotik və psixotrop maddələrin ekspertizası xüsusi yer tutur. Bioloji ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirova deyir ki, ekspertizaya daxil olan naməlum maddələrin tədqiqi ABŞ-ın “Agilent Techologies” firmasının Xromata Kütlə Spektrometr avadanlığı vasitəsilə həyata keçirilir: "Biz, sadəcə, həmin bu nümunələri hazırlayıb maye şəklinə salırıq. Bütün sintetik və yarım sintetik narkotik vasitələrin, dərman preparatlarının və psixotrop maddələrin ekspertizası həmin bu avadanlıq vasitəsilə həyata keçirilir. Həmin bu maddələri hazırlayıb maye şəklinə saldıqdan daha sonra bu qurğu vasitəsilə, gördüyünüz kimi, artıq analiz başlayır. Analiz 30 dəqiqə müddətində sürür. Bu da çox vacib amillərdən biridir, çünki narkotik vasitələrlə bağlı analizlərin nəticəsi operativ şəkildə verilməlidir. Həmin cihazın da üstünlüyü ondadır ki, biz bir dəfəyə 100 ədədə qədər nümunə hazırlayıb yerləşdirə bilərik".

 

Mərkəzin fiziki və kimyəvi ekspertizalar şöbəsində “lal şahidlər” adlandırılan kiçik mikrohissəciklərin - lifli materialların və lak-boya materiallarının ekspertizası aparılır. Həmin mikrohissəciklərin izləri hadisə baş verən  zaman hadisə yerində, təqsirləndirilən və ya zərərçəkmiş şəxslərin üzərində, yaxud cinayət alətləri hesab olunan bıçaqlar və ya silahlarda qala bilər.

 

Təqdim olunmuş parça hissəsindən lif mikrohissəcikləri nümunə şəklində götürülüb almaz kristalın səthinə yerləşdirilir. Həmin səthdə yerləşdirilən nümunələr sıxıcı vasitəsilə sıxılaraq onların spektrləri alınır.

 

Cihazın bazasında yerləşdirilən həmin nümunələrin pikləri alınır. Alınmış piklər həmin geyim əşyası və yaxud  hər hansı bir lifli materialdan təşkil olunmuş parça nümunəsinin tərkib liflərinin kimyəvi spektrlə qumuşunu verir və digər nümunə ilə müqayisəli təhlil aparılır. Əgər nümunələr kimyəvi tərkibi, rəngləri və daşıdığı əlamətin predmetin tərkibi ilə eynilik təşkil edirsə, onların eynilik tədqiqatı aparılır.

 

Fiziki və kimyəvi ekspertizalar şöbəsində həmçinin metal və daşların tədqiqi ixtisası üzrə ekspertizalar aparılır. Tədqiqat obyektləri arasında qiymətli metal və daşlardan hazırlanmış məmulatların tədqiqi xüsusi yer tutur. Şöbədə oğurluq, soyğunçuluq, talama və dələduzluq kimi cinayətlərinin baş verməsi zamanı maddi sübutlar qismində hadisə yerindən götürülmüş obyektlərin tədqiqatı aparılır. Fiziki və kimyəvi ekspertizalar şöbəsinin eksperti Fərqanə Həsənova deyir ki, tədqiqat zamanı maddi sübut kimi götürülmüş obyektlər əvvəl ekspertin vizual müayinəsindən keçir: “Qızıl kifayət qədər yumşaq metaldır. Adi dişlə də sıxaraq biz onu kəsə bilərik. Qiymətli metallardan hazırlanmış məmulatlar qiymətsiz və əlvan metallardan hazırlanmış məmulatdan onunla fərqlənir ki, onlar emal prosesində yaxşı uyumlu olurlar. Onların üzərində emal prosesini həyata keçirmək asandır. Vizual müayinədən sonra isə mikroskopik müayinələr aparılır. Mikroskopik müayinə zamanı damğaların kənarında çatlar, vurulmuş naxışlardakı emal xüsusiyyətləri yalnız ekspertlərin xüsusi biliyi əsasında görə biləcəyi xüsusiyyətlərdir və bu xüsusiyyətlərin aşkar olunması bizə tədqiqatın hansı istiqamətdə aparılmasından xəbər verir”.

 

Məhkəmə Ekspertizası Mərkəzindən hazırladığımız silsilə reportajlar bununla da yekunlaşır. Gördüyünüz kimi, ekspertiza nə qədər məsuliyyətli və çətin proses olsa da, bir o qədər də maraqlıdır. Əlbəttə, hamı Yer üzündə cinayətlərin və cinayətkarların olmadığı bir dünya arzulasa da, təəssüf ki, dünya var olduqca cinayətlər və cinayətkarlar hər zaman olacaq. Amma unutmaq olmaz ki, qanunların şah olduğu ölkədə heç bir cinayət əbədiyyən gizli qalmır, istənilən cinayətin üstü açılır. Qanun bizi qorusun!

X

XƏBƏRLƏR
BÖYÜT