Ərdoğan Bakıda: Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşdü
18:40 – 10 İyul, 2018

İyulun 10-da Azərbaycana rəsmi səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

 

APA TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

 

Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.

 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.

 

Sonda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

X

XƏBƏRLƏR
BÖYÜT