XİN: Paşinyan hökuməti siyasi şou ilə məşğuldur
14:05 – 11 İyul, 2018

Xarici İşlər Nazirliyində son dövrlər baş vermiş hadisələrlə bağlı mətbuat konfransı keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən XİN-in mətbuat katibi Hikmət Hacıyev bir sıra önəmli məsələlərə toxunub.

 

O, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülməsi və onların azad olunması üçün görülən işlərdən danışıb: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz şəkildə girov saxlanılması Azərbaycan tərəfinin hiddətinə səbəb olur. Ermənistan  bütün beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Bu da münaqişənin həlli ilə bağlı danışıqlara və sülh yolu ilə həll prosesinə ciddi zərər vurur. Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün bütün zəruri addımları atacaq".

 

Hikmət Hacıyev Ermənistan və Azərbaycan XİN rəhbərlərinin bu gün görüşəcəyini xatırladıb: "Azərbaycan Respublikasının münaqişənin həllində mövqeyi bəllidir. Bu beynəlxalq hüququn norma və prinsiplərinə, ədalətə əsaslanır. Danışıqlar prosesinin gündəliyi və formatı isə hər kəsə bəllidir".

 

Hikmət Hacıyev son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətə yollanmasının ictimaiyyətin olduqca marağına səbəb olmasını siyasi şou kimi qiymətləndirib: "Bununla populist Paşinyan hökuməti öz reytinqini və cəmiyyətdə nüfuzunu saxlamağa çalışır. Onun hakimiyyətinin artıq 100 günü yaxınlaşır və bu 100 gün ərzində də ölkənin üzləşdiyi ciddi sosial, siyasi-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımlar atılmaq əvəzinə, bu cür hərəkətlərlə özünün reytinqinin saxlanılmasına çalışır".

 

Ermənistanın daxili qoşun birləşmələrinin işğal altındakı ərazilərimizə dislokasiya olunması barədə məlumatlara aydınlıq gətirən diplomat onların Müdafiə və Xarici İşlər nazirliklərinin bəyanatlarında ziddiyyətin olması faktını diqqətə çatdıraraq, bu məsələdə Paşinyan hökumətində fikir ayrılıqlarının olduğunu deyib: "Ermənistanın daxili qoşun birləşmələrinin əlavə şəxsi heyət olaraq, işğal olunmuş ərazilərimizə dislokasiyası Ermənistan silahlı qüvvələrində acınacaqlı vəziyyətin göstəricisidir. Onların komplektləşdirilməsində ciddi şəkildə problemlər var. Ona görə də qoşun birləşmələrinin ərazilərimizə yerləşdirilməsi və şəxsi heyətin artırılması kimi məqsədlər güdülür".

 

Mətbuat konfransının sonunda XİN rəsmisi jurnalistlərin suallarını cavablandırıb.

X

XƏBƏRLƏR
BÖYÜT