"Gəncə səbəbsiz seçilməyib" - SORĞU
18:06 – 11 İyul, 2018

İyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs ictimai asayişi pozmağa cəhd göstərərək icazəsiz aksiya keçirib.

 

APA TV-nin məlumatına görə, polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum nəticəsində 2 polis zabiti şəhid olub. Qətldə şübhəli bilinən iki nəfərin axtarışları davam etdirilir.

 

Bu hadisə ölkə ictimaiyyətinin nümayəndələri tərəfindən qəzəblə qarşılanıb. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov cinayətin din pərdəsi altında həyata keçirilməsindən təəssüfləndiyini bildirib: “İslam terrorun, radikalizmin əleyhinədir. Bu baxımdan hər hansı terror aktını, cinayət aktını İslamla əlaqələndirilmək yolverilməzdir. Bu, bir çox hədislərdə öz əksini tapıb. Bu hadisəyə cinayət hadisəsi kimi baxmaq və hüquqi baxımdan qiymət vermək lazımdır. Çünki İslamın təməl ehkamlarına baxdıqda, günahsız insanı qətlə yetirmək bütün bəşəriyyəti qətlə yetirməyə bərabər tutulur. İslam sülh, mərhəmət dinidir”.

 

Ceyhun Məmmədov sosial şəbəkələrdə bəzi radikal dini təfəkkürlü şəxslərin təhriklərini əsassız hesab edir. Onun fikrincə, bu mənada din xadimlərinin üzərinə böyük məsuliyyət düşür: “Bu məsələlər geniş şəkildə sosial şəbəkələrdə müzakirə olunur, dövlət əleyhinə fikirlər səsləndirilir. Bu yanaşma yolverilməzdir. Azərbaycan dövləti din sahəsinə çox böyük qayğı göstərir. Məscidlər, kilsələr, sinaqoqlar təmir olunur. Hətta “İmamzadə” ziyarətgahı dövlət tərəfindən təmir olundu və istifadəyə verildi. Dinin siyasiləşməsi, dindən siyasi məqsədlərlə istifadə olunması heç bir müsəlman ölkəsinə uğur gətirməyib. Suriya, İraq və digər ölkələrdə bunu görürük”.

 

Politoloq Arzu Nağıyev isə hadisəni düşünülmüş terror aktı kimi qiymətləndirir: “İğtişaş belə olmur. Hər şey səbəb və məqsəddən doğur. Terror aktını həyata keçirmək üçün bu yığıncaqdan istifadə etdilər. Bu, dövlətə və dövlətçiliyə qarşıdır. Gəncənin icra başçısına qarşı terrordan sonra bəlli idi ki, informasiya terroru da baş verəcək. Artıq xarici xüsusi xidmət orqanlarının inhisarında olan qruplar sosial şəbəkələrdə, qeyri-kütləvi informasiya vasitələrində bu məsələ ilə bağlı qabartmalar, çağırışlar etməyə başladılar. Hətta ayın 10-da Gəncədə keçiriləcək mitinq haqqında anons da verdilər”.

 

Arzu Nağıyev hesab edir ki, hadisənin məhz Gəncə şəhərində törədilməsi də təsadüfi deyil: “Gəncəni səbəbsiz seçməyiblər. Gəncədə şiəlik yüksək səviyyədədir. Məsələləri şimal rayonlarına keçirsə idilər, tamam başqa effekt olardı. Eyni zamanda imamların böyük bir abidəsi Gəncə ərazisindədir. Bütün bunları planlı şəkildə qurmuşdular. Bunu sosial yönümə də yönəltməyə çalışdılar. Düşünürəm ki, hər bir icra strukturu, nazirliklər gördükləri işin şəffaflığını nəzərə almalı, ictimaiyyətə çatdırmalıdırlar”.  

 

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə baş verən hadisəni xəyanət kimi qiymətləndirir: “Dünən Gəncə şəhərində baş vermiş ictimai asayişi pozmaq istəyən bəzi qüvvələrin destruktiv fəaliyyətinin qarşısını alarkən şəhid olmuş polis zabitlərinin ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı vermək istərdik. Onların rəşadəti, qətiyyəti, əzmi nəticəsində bu destruktiv qüvvələrin fəaliyyətinin qarşısı qısa müddət ərzində alındı. Bu kimi provokativ, ölkəmizdə sabitliyi pozmaq üçün uğursuz cəhdlər onu göstərir ki, Azərbaycan Respublikasının inkişafı, onun beynəlxalq səviyyədə əldə etdiyi uğurları Ermənistanla bərabər bəzi xarici dairələri də ciddi surətdə narahat edir. Ölkəmiz müharibə vəziyyətində olan dövlətdir. Arxa cəbhədə xidmət başında olan zabitə qarşı əl qaldırılması, ona hücum edilməsi ön xətdə xidmət edən əsgər və zabitlərimizə, bütün Azərbaycan xalqına qarşı xəyanətdir”.

X

XƏBƏRLƏR
BÖYÜT